52 dəqiqəyə 52 bal topladı

17 İyun, 2026 - 11:18
52 dəqiqəyə 52 bal topladı

Bu gündən etibarən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.

İmtahanın başlamasından cəmi bir saat keçməmiş ilk xoş xəbəri eşitdik. Açığı, bu qədər qısa müddətdə imtahanı tamamlayıb zaldan çıxan müəllimlə tanış olmaq istədik. Hətta ilk anda düşündük ki, görəsən, nə üçün bu qədər tez çıxıb?

Məlum oldu ki, imtahanı uğurla başa vuran müəllim Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın müəllimi Günay Məstiyevadır. O, sertifikatlaşdırma prosesində ilk dəfə iştirak etsə də, 52 dəqiqə ərzində 52 bal toplayaraq yüksək nəticə göstərib.

“Suallar mənim üçün çətin olmadı. Təbii ki, həyəcan var idi, amma imtahan ümumilikdə yaxşı keçdi. Əsas məqsədim 50-dən yuxarı nəticə göstərmək idi və buna nail oldum”, – deyə müəllim bildirib.

Günay Məstiyevanın sözlərinə görə, sertifikatlaşdırmadan uğurla keçmək onun üçün əməkhaqqı artımından daha vacibdir:

“Əməkhaqqı artımı, əlbəttə ki, önəmlidir. Amma mənim üçün əsas məsələ uğur qazanmaq idi. Çalışdığım gimnaziyada müəllimlərin əksəriyyəti 50-dən yuxarı nəticə göstərib. Həmin kollektivin üzvü olmaq, onların səviyyəsinə uyğun nəticə əldə etmək mənim üçün daha böyük motivasiya idi. Üstəlik, bu il məktəbimi dəyişmişəm və yeni kollektivimə də yüksək nəticə ilə getmək istəyirdim”.

Müəllim imtahana əlavə hazırlıq kurslarına qatılmadan, müstəqil şəkildə hazırlaşıb.

Hazırlıq prosesi zamanı yeni biliklər əldə edib-etmədiyi ilə bağlı suala cavabında isə o bildirib ki, fənn üzrə suallar onun üçün çətinlik yaratmayıb:

“Əsas ixtisasım rus dili və ədəbiyyatıdır. Fənn sualları mənə tamamilə tanış idi. Vaxtımın daha çox hissəsini metodika ilə bağlı suallar aldı. Metodika sualları olmasa, daha da tez çıxa bilərdim. Çünki həmin situasiyaları təsəvvür etmək, özünü sinif mühitində görmək və ən uyğun yanaşmanı seçmək müəyyən qədər vaxt tələb edirdi. Buna baxmayaraq, imtahan mənim üçün uğurlu keçdi”.