ABŞ-də doktorantlar üçün 47 milyon dollarlıq yeni proqram hazırlanıb

3 Avqust, 2026 - 17:55
ABŞ-də doktorantlar üçün 47 milyon dollarlıq yeni proqram hazırlanıb

ABŞ-də Milli Elm Fondu doktorantların həm universitetdə, həm də özəl sektorda tədqiqat təcrübəsi qazanmasını nəzərdə tutan 47 milyon dollarlıq yeni pilot proqrama başlayır.

"Azərbaycan müəllimi" xəbər verir ki, dörd il davam edəcək proqram çərçivəsində doktorantlar dissertasiya tədqiqatlarının azı bir ilini özəl şirkətlərdə aparacaqlar. Layihənin məqsədi gənc tədqiqatçıların əmək bazarına daha hazırlıqlı çıxmasını təmin etmək və universitetlə sənaye arasında əməkdaşlığı gücləndirməkdir.

Proqrama əsasən, təhsilin ilk ilinin maliyyələşdirilməsini universitetlər, sonrakı mərhələləri isə Milli Elm Fondu təmin edəcək. Özəl şirkətlər də maliyyə dəstəyi göstərərək doktorantların öz müəssisələrində tədqiqat aparmasına şərait yaradacaqlar.

Beş il ərzində həyata keçiriləcək proqramın 250-dən çox doktorantı əhatə etməsi planlaşdırılır. Hər iştirakçı proqramın son üç ilində illik 37 min dollar təqaüd, 16 min dollar təhsil xərcləri və 22 min dollar yaşayış və digər ehtiyaclar üçün maliyyə dəstəyi alacaq. Bundan əlavə, tərəfdaş şirkətlər hər doktorant üçün dörd il ərzində azı 100 min dollar vəsait ayıracaqlar.

Proqramın hazırlanmasına Universitet–Sənaye Tərəfdaşlığı Təşəbbüsü (UIDP) rəhbərlik edir. Doktorantlara həm universitet alimləri, həm də şirkətlərdə çalışan tədqiqatçılar rəhbərlik edəcəklər.

Məlumata görə, proqramın ilk iştirakçıları 2026-cı ilin payızında təhsilə başlayacaq və əldə olunacaq nəticələr gələcəkdə layihənin daha geniş miqyasda tətbiqinə əsas yaradacaq.