ABŞ-də riyaziyyat təhsili niyə geri qalır? – Səbəblər və çıxış yolları

4 Fevral, 2026 - 12:00
ABŞ-də riyaziyyat təhsili niyə geri qalır? – Səbəblər və çıxış yolları

Son onilliklər ərzində riyaziyyat dərslərini daha maraqlı və mənalı etmək üçün ciddi səylər göstərilsə də, ABŞ-də şagirdlərin riyaziyyat üzrə ümumi nəticələri gözlənilən səviyyədə yaxşılaşmayıb. Alimlər bu vəziyyətdən narahatdırlar və problemin həm təhsil sisteminə, həm də cəmiyyətə uzunmüddətli təsirlər göstərə biləcəyini vurğulayırlar.

Narahatedici göstəricilər

“Azərbaycan müəllimi” the.harvard.gazette saytına istinadən xəbər verir ki, 2022-ci ildə ABŞ şagirdləri riyaziyyat üzrə ən nüfuzlu beynəlxalq qiymətləndirmədə 34-cü yeri tutub. Ölkə tarixən Şərqi Asiya və Şimali Avropa ölkələrinin yüksək nəticələrinə yaxınlaşmasa da, son göstəricilər ABŞ-nin digər inkişaf etmiş ölkələrin orta səviyyəsindən yeddi bal geri qaldığını göstərir. Bu nəticə eyni zamanda testin tarixində ölkə üçün ən aşağı göstəricidir.
Bərpa əlamətləri müşahidə olunsa da, bu proses qeyri-bərabər şəkildə gedir: nəticələr cinsiyyət, ailə gəliri, ştatlar və hətta ayrı-ayrı siniflər arasında ciddi fərqlər göstərir. 

Uzun illər ərzində amerikalı şagirdlər doğru yolda görünürdülər və davamlı irəliləyiş əldə edirdilər. Bu nailiyyətlər təxminən 2011-ci ildə dayanmağa başlayıb, daha sonra isə 2020 və 2021-ci illərdə  pandemiya ilə bağlı məktəblərə 190 milyard dollar yardım paylanmasına baxmayaraq, riyaziyyat nəticələri son beş ildə sürətlə geriləyib. “Bəzən elə hiss edirsən ki, başını divara vurursan”, - deyə Harvard Təhsil Məktəbinin Müəllimlərin Öyrənməsi və Təcrübəsi üzrə professoru Heather Hill bildirib. Onun sözlərinə görə, bu qədər az irəliləyiş görmək çox təəsccüblüdür. 

Riyaziyyat boşluqlarının real həyatda təsiri

Məsələ təkcə statistik rəqəmlərlə məhdudlaşmır. Tədqiqatlar göstərir ki, mövcud riyaziyyat bacarığı boşluqları orta statistik bir şagirdin ömürboyu qazancına təxminən 20 min dollar mənfi təsir göstərə bilər. Digər tərəfdən, qabaqcıl riyaziyyat biliklərinə yiyələnmək media savadlılığının artması, ali təhsil alma ehtimalının yüksəlməsi (xüsusilə STEM sahələrində) və seçici universitetlərə qəbul şansının çoxalması ilə əlaqələndirilir.

“Prosedural” və “konseptual” yanaşmaların yanlış qarşıdurması

Təxminən yarım əsrdir davam edən “riyaziyyat müharibələri” çərçivəsində ABŞ məktəbləri tədricən prosedural yanaşmadan, yəni mexaniki hesablamalardan konseptual tədrisə keçid edib. Lakin bu gün bir çox alimlər bu keçidin yanlış bir ikililik üzərində qurulduğunu etiraf edirlər.

Harvard Ali Təhsil Məktəbinin müəllimi Noah Heller qeyd edir ki, prosedural bacarıqlar və konseptual anlayış bir-birinə zidd deyil. Əksinə, koqnitiv elmlər göstərir ki, anlayışların möhkəmlənməsi üçün təkrar məşq əsas şərtdir. Tədrisin ideoloji xarakter alması isə həm şagirdlərə, həm də ailələrə zərər verir.

“Prosedural çeviklik”: alternativ yanaşma

Harvard Ali Təhsil Məktəbinin professoru Jon Star bu qarşıdurmanı aradan qaldırmaq üçün “prosedural çeviklik” adlandırdığı yanaşmanı təklif edir. Bu metod riyaziyyatı real həyat nümunələri ilə məcburi əlaqələndirməkdənsə, onun öz daxili məntiqinə və çoxvariantlı həll yollarına diqqət yetirir. 

Professor Heather Hill etiraf edir ki, tədris proqramları dəyişdikdə, çox sayda müəllim bunu xoşagəlməz bir təkan kimi qəbul edir. "Tez-tez, mənə elə gəlir ki, bu, sadəcə yuxarıdan növbəti bir göstərici kimi qəbul edilir... başqa bir dəb mövzu, yeni riyaziyyat elmi, nə olursa-olsun". Onun sözlərinə görə, yeni kurikulumlar riyazi qabiliyyətin çoxsaylı aspektlərini əhatə etməyə çalışdıqca, nəticə hər zaman ideal olmur. Böyük riyaziyyat kurikulumu təminatçılarından biri olan Illustrative Math təşkilatının idarə heyətinin üzvü olan H.Hillin sözlərinə görə, “daha müasir kurikulum materiallarından istifadə etmək daha çətindir”. 

Məsələn, 3(x + 4) = 15 tənliyini həll edərkən, şagirdlər həm mötərizəni açaraq, həm də hər iki tərəfi 3-ə bölərək düzgün nəticəyə çata bilərlər. Bu seçim azadlığı şagirdlərin motivasiyasını artırır və riyaziyyatı çevik düşüncə aləti kimi qavramağa kömək edir.

Müəllimlərin rolu və çətinlikləri

Mütəxəssislər razılaşırlar ki, ABŞ-də müəllim olmaq bu gün heç vaxt olmadığı qədər çətindir. Pandemiyadan sonra yaranmış bilik boşluqları, emosional problemlər, artan bürokratik yük və eyni zamanda maaşların inflyasiyaya uyğun artmaması xüsusilə riyaziyyat müəllimlərinin çatışmazlığına səbəb olur.
Bununla belə, bir çox müəllimlər kurikulumu sərt qaydalar toplusu deyil, improvizasiya edilə bilən bir çərçivə kimi qəbul etməyi öyrəniblər. Bu yanaşma yüksək peşəkarlıq tələb etsə də, tədrisdə real nəticələr verir.

Davamiyyət problemi və bərpanın əsas şərti

Riyaziyyat təhsili ardıcıl və yığılan biliklər üzərində qurulduğundan, davamiyyətsizlik xüsusilə təhlükəlidir. Erkən siniflərdə kəsrləri başa düşməyən şagirdlər daha sonrakı mərhələlərdə cəbrlə ciddi çətinliklər yaşayırlar. Üstəlik, riyaziyyat savadlılığı məktəbdən kənarda nadir hallarda formalaşır.

Harvardın Təhsil Siyasəti Tədqiqatları Mərkəzinin direktoru Thomas Kane bildirir ki, xroniki davamiyyətsizliklə mübarizə aparmaq həm səmərəli, həm də iqtisadi baxımdan məqsədəuyğundur. Davamiyyətin artması tədris vaxtını uzadır və hər dərsin effektivliyini yüksəldir.

Bütün çətinliklərə baxmayaraq, alimlər nikbin qalırlar. Mövcud maaş səviyyələrinə baxmayaraq, riyaziyyat müəllimlərinin əksəriyyəti bu peşəni həqiqi istək və inamla seçib. Onların üzərinə düşən məsuliyyət böyükdür, lakin düzgün suallar, çevik yanaşmalar və davamlı iştirakla gənc nəsli riyaziyyatın “gözəl, abstrakt dünyasına” cəlb etmək mümkündür.

“Uşaqların beynində baş verənlər çox maraqlıdır. Əgər yaxşı suallar versəniz və yaxşı dinləyici olsanız, eşitdikləriniz sizi mütləq maraqlandıracaq”, - deyə HGSE professoru Jon Star bildirir.