Böyük Britaniyada məktəb kibertəhlükə səbəbindən fəaliyyətini dayandırıb

6 Yanvar, 2026 - 16:53
Böyük Britaniyada məktəb kibertəhlükə səbəbindən fəaliyyətini dayandırıb

Böyük Britaniyanın Nuneaton şəhərində yerləşən "Higham Lane" məktəbi kibertəhlükə ilə üzləşdiyi üçün fəaliyyətini müvəqqəti dayandırıb. 

"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə məktəbin informasiya texnologiyaları sistemlərinin bir hissəsinə təsir göstərib.

Məktəb rəhbərliyinin məlumatına görə, məktəbin bağlanması qabaqlayıcı tədbir xarakteri daşıyır və araşdırmalar başa çatana qədər davam edəcək. Bildirilib ki, kibertəhlükənin aradan qaldırılması və sistemlərin təhlükəsiz şəkildə bərpası istiqamətində müvafiq addımlar atılır.

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, məktəb isə müvafiq dövlət və müstəqil kibertəhlükəsizlik qurumları ilə əməkdaşlıq edir. Araşdırmalar yekunlaşana qədər şagirdlərdən və müəllimlərdən məktəbin onlayn sistemlərinə daxil olmamaları xahiş olunub.

Məktəb rəhbərliyi valideynlərə yaxın vaxtlarda əlavə məlumat veriləcəyini bildirib.