Sosial mediada çox vaxt keçirən yeniyetmələrdə depressiya riski artır - tədqiqat

12 İyun, 2026 - 12:06
Sosial mediada çox vaxt keçirən yeniyetmələrdə depressiya riski artır

Avstraliyada aparılan genişmiqyaslı araşdırma sosial mediadan gündə iki saatdan çox istifadə edən yeniyetmələrdə depressiya və psixoloji rifahın pisləşməsi riskinin daha yüksək olduğunu ortaya qoyub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Avstraliyanın Uşaq Tədqiqat İnstitutu açıqlama yayıb. On il davam edən və təxminən 1200 yeniyetməni əhatə edən tədqiqatın nəticələri göstərib ki, 12-18 yaşlarında sosial mediadan daha çox istifadə bir il sonra zehni sağlamlıq problemlərinin artmasına təsir edib.

Tədqiqatçılar təsirin xüsusilə 12-13 yaşlı qızlar arasında daha qabarıq müşahidə edildiyini bildiriblər. Araşdırmaya görə, kiberzorakılıq və zərərli onlayn məzmuna məruzqalma əsas risk amilləri sırasındadır.

Mütəxəssislər erkən yeniyetməlik dövrünü müdaxilə üçün vacib mərhələ kimi qiymətləndirib, sosial media istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqinin, rəqəmsal savadlılığın artırılmasının və valideyn nəzarətinin gücləndirilməsinin vacibliyini vurğulayıblar.