UNICEF: İqlim dəyişikliyinə görə hər 10 şagirddən biri təhsildən kənarlaşıb

17 Sentyabr, 2026 - 11:46
UNICEF: İqlim dəyişikliyinə görə hər 10 şagirddən biri təhsildən kənarlaşıb

UNICEF-in 106 ölkə və ərazinin məlumatları əsasında hazırladığı “Learning Interrupted: Global Snapshot of Climate-Related School Disruptions in 2025” (“Təhsildə fasilələr: 2025-ci ildə iqlim hadisələri səbəbindən məktəblərdə yaranan fasilələrə qlobal baxış”) adlı hesabatda bildirilir ki, ötən il dünyada 171 milyondan çox şagird iqlim hadisələrinin təsirinə məruz qalıb.

Hesabata görə, fırtınalar, daşqınlar, istilik dalğaları, quraqlıq və meşə yanğınları məktəblərin bağlanmasına, təhsil müəssisələrinin zədələnməsinə, dərs müddətinin azalmasına, davamiyyətin aşağı düşməsinə və şagirdlərin təhsildən yayınma riskinin artmasına səbəb olub.

UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib ki, iqlim hadisələri milyonlarla uşaq üçün yalnız dərslərin pozulması ilə nəticələnmir, eyni zamanda onların məktəblərini dağıdır, ailələrinin yaşayış şəraitini dəyişir və ən həssas uşaqları daha çətin vəziyyətə salır.

UNICEF-in məlumatına görə, iqlim hadisələrindən təsirlənən uşaqların 75 faizi aşağı və aşağı-orta gəlirli ölkələrdə yaşayır. Bu ölkələrdə təhsil sistemləri iqlimlə bağlı fövqəladə vəziyyətlər zamanı təhsilin davamlılığını təmin etmək üçün çox vaxt kifayət qədər resursa malik olmur.

Qızların təhsilinə təsir daha yüksəkdir

Hesabatda iqlim hadisələrinin qızların təhsilinə xüsusi təsir göstərdiyi vurğulanır.
UNICEF qeyd edir ki, təhlükəsizliklə bağlı risklər, məktəblərdə təhlükəsiz şəraitin olmaması və erkən nikahlar qızların təhsildən yayınma ehtimalını artırır.

Hesabata görə, bu amillər erkən nikah riskini də artıra və məktəblər yenidən fəaliyyətə başladıqdan sonra qızların təhsilə qayıtmasını çətinləşdirə bilər.

Təhsildə fasilələrin uzunmüddətli iqtisadi nəticələri

UNICEF-in hesablamalarına görə, 2025-ci ildə iqlim hadisələri səbəbindən təhsili pozulan şagirdlərin gələcək həyatları ərzində ən azı 200 milyard dollar gəlir itkisi ilə üzləşməsi mümkündür.

Fond hökumətləri və tərəfdaşlarını iqlim və digər ekoloji təhlükələrə daha davamlı yeni təhsil müəssisələrinin tikintisinə daha çox vəsait ayırmağa çağırıb.

UNICEF bildirir ki, məktəblərin iqlim risklərinə davamlılığının artırılması uşaqların fövqəladə hallar zamanı da təhsillərini davam etdirməsinə və uzunmüddətli nəticələrin qarşısının alınmasına kömək edə bilər.