Məktəblərə hücumlar 40% artıb
Dünyada məktəblərə, şagirdlərə və müəllimlərə qarşı hücumların sayı son iki ildə 40 faiz artıb. Yeni hesabata görə, 2024–2025-ci illərdə 83 ölkədə təhsil müəssisələrinə qarşı 8 556 hücum qeydə alınıb, nəticədə ən azı 10 600 şagird və təhsil işçisi həlak olub, yaralanıb, oğurlanıb və ya həbs edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, hücumların ən çox qeydə alındığı ölkələr Kolumbiya, Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, Fələstin və Ukrayna olub. Hesabata əsasən, Ukraynada məktəblərə təxminən 900 hücum, Fələstində isə şagird və müəllimlərə qarşı azı 2 400 hücum baş verib.
Təhsilin Hücumlardan Müdafiəsi üzrə Qlobal Koalisiyanın məlumatına görə, hərbi qüvvələrin və silahlı qrupların məktəb və universitetləri zəbt etməsi halları da əvvəlki iki illə müqayisədə 91 faiz artaraq 1 912-yə çatıb.
Hesabatda qeyd olunur ki, Myanma, Nigeriya, Yəmən və Kamerunda 1 700-dən çox şagird və müəllim öldürülüb və ya yaralanıb. Təkcə Nigeriyada 700-dən çox şagird və müəllimin qaçırıldığı bildirilir.
Mütəxəssislər bildirirlər ki, məktəblərə hücumlar artıq təsadüfi deyil, getdikcə daha sistemli xarakter alır. Onların fikrincə, bu vəziyyət uşaqların məktəbi təhlükəsiz məkan kimi görməsinə ciddi zərbə vurur, təhsil hüququ ilə yanaşı, gələcək imkanlarını da təhlükə altına salır.
Hesabat müəllifləri dövlətləri məktəblərin hərbi məqsədlərlə istifadəsinə son qoymağa, təhsil müəssisələrinin hüquqi müdafiəsini gücləndirməyə və erkən xəbərdarlıq sistemlərinə daha çox investisiya yatırmağa çağırıblar.




