Qarışqalar düzgün qərarları necə verir? – İnsanlar üçün 4 maraqlı dərs

21 Avqust, 2026 - 11:04
Qarışqalar düzgün qərarları necə verir? – İnsanlar üçün 4 maraqlı dərs

Qarışqaların ən səmərəli yolları tapmasından tutmuş bal arılarının qrup şəklində qərar qəbul etməsinə qədər alimlər hesab edirlər ki, canlıların davranışları insanlara həm fərdi, həm də kollektiv şəkildə daha yaxşı seçimlər etməyi öyrədə bilər.

İnsanlar çox vaxt özlərini rasional qərarlar verən canlılar hesab edirlər. Müxtəlif variantları müqayisə edir, mümkün nəticələri düşünür və ən doğru seçimi etməyə çalışırıq. Lakin mürəkkəb problemlər üzərində düşünmək bacarığımıza baxmayaraq, insanlar bəzən olduqca yanlış qərarlar da verə bilirlər.
Təəccüblü olsa da, qərarvermə ilə bağlı ən maraqlı dərslər beynimizdən dəfələrlə kiçik beyinə sahib canlılardan gələ bilər.

Alimlər müəyyən ediblər ki, həşəratlar problemləri həll etmək, bir-biri ilə koordinasiya qurmaq və dəyişən vəziyyətlərə uyğunlaşmaq üçün kifayət qədər mürəkkəb strategiyalardan istifadə edirlər. Hətta bu davranışlardan bəziləri nəqliyyat, telekommunikasiya və logistika kimi sahələrdə istifadə olunan kompüter alqoritmlərinin hazırlanmasına ilham verib

Qarışqalar müxtəlif variantları sınamağın vacibliyini göstərir

İnsan qarşısında həddindən artıq çox seçim olduqda qərar vermək çətinləşə bilər. Psixologiyada bu vəziyyət “seçim bolluğu” adlanır. Yəni variantların sayı artdıqca insanın düzgün seçim etməkdə çətinlik çəkməsi mümkündür.

Qarışqa koloniyaları da qida axtararkən buna bənzər problemlə qarşılaşır. Lakin ən yaxşı variantı tapmağı bir qarışqanın üzərinə qoymaq əvəzinə, bir neçə qarışqa müxtəlif yolları və mümkün qida mənbələrini araşdırır.

Qarışqalar hərəkət etdikcə arxalarında feromon adlanan kimyəvi maddələrdən ibarət iz buraxırlar. Digər qarışqalar bu izləri hiss edə və daha güclü olan izləri izləyə bilirlər.

Beləliklə, koloniya ən səmərəli yolu müəyyənləşdirmək üçün sadə, lakin effektiv bir sistemdən istifadə edir. Daha qısa yol tapan qarışqalar yuvaya daha tez qayıdır və həmin yol boyunca daha çox feromon buraxırlar. Daha çox qarışqa həmin yolu seçdikcə kimyəvi iz güclənir, səmərəsiz yollar isə tədricən aradan çıxır.

Nəticədə bütün koloniya ən qısa və səmərəli yolda qərarlaşır. Maraqlısı budur ki, heç bir qarışqa hansı yolun ən yaxşı olduğunu təkbaşına bilmir.

Bu davranış alimləri “qarışqa koloniyasının optimallaşdırılması alqoritmi” adlanan kompüter sistemini yaratmağa ilhamlandırıb. Bu sistemə bənzər üsullardan nəqliyyat şəbəkələrinin, dəmir yolu planlaşdırmasının, telekommunikasiya və logistika sistemlərinin təkmilləşdirilməsində istifadə olunur.
İnsanlar üçün buradan çıxan nəticə sadədir: yaxşı kollektiv qərar üçün bütün cavabları bir nəfərin bilməsi vacib deyil. Müxtəlif variantların sınaqdan keçirilməsinə imkan vermək və daha effektiv variantların dəstək qazanmasına şərait yaratmaq daha yaxşı nəticələr verə bilər.

Bal arıları kollektiv qərarların gücünü göstərir

Bal arıları koloniyaları üçün yeni yaşayış yeri seçərkən təəccüblü dərəcədə demokratik üsuldan istifadə edirlər.

Kəşfiyyatçı arılar pətəkdən ayrılaraq yeni yuva üçün uyğun yerlər axtarırlar. Geri qayıtdıqda tapdıqları yerlər haqqında digər arılara “waggle dance”, yəni xüsusi hərəkətlərdən ibarət “rəqs” vasitəsilə məlumat verirlər.

Bu hərəkətlər potensial yaşayış yerinin harada olduğunu və nə qədər uyğun olduğunu göstərir. Arı nə qədər uzun və enerjili rəqs edirsə, həmin yeri bir o qədər əlverişli hesab etdiyi düşünülür.

Digər arılar isə təklif olunan yerləri özləri araşdırır və nəticələrini koloniyaya çatdırırlar.

Zaman keçdikcə ən yaxşı variant ətrafında dəstək artır. Kifayət qədər arı müəyyən bir yeri seçdikdə koloniya kvorum, yəni qərar vermək üçün kifayət qədər iştirakçının razılığa gəlməsi vəziyyətinə çatır və hərəkətə keçir.

Bu prosesdə nəticəyə nəzarət edən tək bir arı yoxdur. Qərar kollektiv şəkildə formalaşır.

İnsanlar üçün dərs isə budur: qrup yekun qərara gəlməzdən əvvəl hər kəsə məlumatı müstəqil şəkildə qiymətləndirmək imkanı vermək daha yaxşı nəticələrə gətirib çıxara bilər.

Çəyirtkələr bəzən tərəfsiz qalmağın faydalı olduğunu göstərir

İnsanların fikrini dəyişmək, xüsusilə də qrup iki güclü şəkildə dəstəklənən seçim arasında bölündükdə, çətin ola bilər.

Gənc çəyirtkələr üzərində aparılan araşdırmalar göstərir ki, belə vəziyyətdən çıxmağın yollarından biri müvəqqəti olaraq neytral qalmaq, yəni hər hansı tərəfi seçməmək ola bilər.

Gənc çəyirtkələr hələ uça bilmədikləri üçün hərəkət etmək üçün yeriyirlər. Alimlər bu həşəratların qruplarını araşdırarkən onların bəzən müəyyən istiqamətdə hərəkəti dayandırdığını və daha sonra istiqaməti dəyişdiyini müşahidə ediblər.

Tədqiqatçılar hesab edirlər ki, bu qısa fasilə qrupun əvvəlki ümumi qərardan uzaqlaşmasına kömək edə bilər.

Daha sonra insanlar üzərində də oxşar təcrübə aparılıb. İştirakçılardan iki variantdan birini seçmək istənilib, lakin bəzilərinə heç birini seçməmək, yəni bitərəf qalmaq imkanı da verilib.
Nəticədə məlum olub ki, insanlara müvəqqəti olaraq neytral qalmaq imkanı verildikdə qruplar daha tez yekun qərara gələ bilib.

Bir qrupun əksər üzvləri müəyyən bir variantı qəti şəkildə dəstəklədikdə fərdi fikirlərdəki kiçik dəyişikliklər ümumi nəticəyə ciddi təsir göstərməyə bilər. Lakin bəzi insanlar müvəqqəti olaraq geri çəkildikdə qalan iştirakçıların fikrindəki kiçik dəyişiklik belə qrupun ümumi istiqamətinə daha çox təsir göstərə bilər.

Buradan çıxan nəticə budur: qərarsızlıq həmişə zəiflik deyil. Bəzən müzakirədən geri çəkilmək və vəziyyəti yenidən qiymətləndirmək üçün vaxt ayırmaq qrupu nəticəsiz mübahisədən çıxara bilər.

Tarakanlar fərqli xarakterlərin əhəmiyyətini göstərir

Güclü xarakterli insanlar bəzən qrup daxilində qərar qəbul etməyi çətinləşdirə bilər. Özünə daha çox güvənən və fikrini yüksək səslə ifadə edən insanlar müzakirələrə hakim ola, daha sakit insanlar isə fikirlərini çatdırmaqda çətinlik çəkə bilərlər.

Lakin tarakanlar üzərində aparılan araşdırmalar göstərir ki, qrup daxilində fərqli davranış xüsusiyyətlərinin olması əslində kollektiv qərarverməni yaxşılaşdıra bilər.
Tarakanların davranışları bir-birindən fərqlənir. Bəziləri daha cəsarətli və araşdırmağa meyilli, digərləri isə daha ehtiyatlı olur.

Alimlər tarakan qruplarının sığınacaq üçün uyğun yer axtarışını öyrənmək məqsədilə kompüter simulyasiyaları hazırlayıblar. Onlar bütün fərdlərin eyni davrandığı qrupları fərqli xarakterlərə malik fərdlərdən ibarət qruplarla müqayisə ediblər.

Nəticələr göstərib ki, davranış baxımından daha müxtəlif qruplar daha tez qərar verə bilir.
Tamamilə aktiv və macəra axtaran fərdlərdən ibarət qrup sığınacaq seçməkdə çətinlik çəkə bilər. Çünki onlar daim yeni yerləri araşdırmağa davam edirlər. Əksinə, əsasən ehtiyatlı fərdlərdən ibarət qrup tez qərar verə bilər, lakin seçdikləri yer yaxşı olmaya bilər.

Fərqli xarakterlərin bir arada olması araşdırmaq və əməkdaşlıq etmək arasında daha yaxşı balans yarada bilər.

Bu isə onu göstərir ki, effektiv komandada hər kəsin eyni cür düşünməsi və davranması vacib deyil. Fərqli xarakter və yanaşmalar düzgün şəkildə balanslaşdırıldıqda kollektiv düşünmə qabiliyyətini gücləndirə bilər.

Bütün bu nümunələr göstərir ki, daha yaxşı qərarlar vermək həmişə daha çox düşünmək və ya daha çox məlumat toplamaq demək deyil.

Bəzən müxtəlif variantları sınamaq, başqalarının fikirlərini dinləmək, qeyri-müəyyənliyə yer vermək, fərqli baxışları dəyərləndirmək və emosiyalarımızın qərarlarımıza necə təsir etdiyini anlamaq daha vacibdir.Həşəratların dünyası bizimkindən çox fərqli ola bilər. Lakin bu kiçik canlılar problemləri həll etmək üçün milyonlarla il ərzində olduqca effektiv strategiyalar formalaşdırıblar.

Bəlkə də daha yaxşı qərarlar vermək üçün bəzən özümüzdən daha ağıllı görünən insanlara deyil, bizdən minlərlə dəfə kiçik canlılara baxmaq kifayətdir.