Universitetlər süni intellektə münasibətdə passiv qalmamalıdırlar

5 İyun, 2026 - 16:37
Universitetlər süni intellektə münasibətdə passiv qalmamalıdırlar

Mütəxəssislər hesab edirlər ki, ali təhsil müəssisələri süni intellektin tədris prosesinə inteqrasiyasında yalnız texnologiya şirkətlərinin təqdim etdiyi yanaşmalarla kifayətlənməməli, bu sahədə öz akademik liderliklərini qorumalıdırlar.

"Azərbaycan müəllimi" THE-yə istinadən xəbər verir ki, gələcəyin müəllimlərinə süni intellektdən istifadə bacarıqlarını öyrədənlərin əksəriyyəti hazırda bu texnologiyaları hazırlayan şirkətlərdir. Təhsil işçiləri üçün təşkil olunan təlimlər və metodik materiallar faydalı olsa da, mütəxəssislər onların kommersiya maraqları və mümkün qərəzli yanaşmalar daşıya biləcəyinə diqqət çəkirlər.

Məqalədə vurğulanır ki, universitetlər süni intellektlə bağlı yalnız qayda və məhdudiyyətlər müəyyən etməklə kifayətlənməməlidirlər. Akademik dürüstlük və istifadə qaydalarına dair siyasətlər vacib olsa da, texnologiyanın sürətli inkişafı səbəbindən bu sənədlər tez köhnələ bilir. Buna görə də müəllimlərin və tələbələrin süni intellekt alətlərini praktik şəkildə sınaqdan keçirməsi, onların imkan və məhdudiyyətlərini öyrənməsi vacib hesab olunur.

Müəlliflər süni intellektlə işləməyin dörd mərhələsini qeyd edirlər: istifadə mühiti və qaydalar, sistemlərin xüsusiyyətləri, texnologiya ilə birbaşa təcrübə və gələcəklə bağlı baxışlar. Onların fikrincə, məhz praktiki təcrübə müəllimlərə süni intellektin hansı hallarda öyrənməni dəstəklədiyini, hansı hallarda isə yanlış və etibarsız nəticələr verdiyini daha yaxşı anlamağa imkan yaradır.

Məqalədə həmçinin qeyd olunur ki, təhsildə süni intellektin gələcəyi ilə bağlı qərarlar yenə də insanların əlində qalmalıdır. Süni intellekt müxtəlif təkliflər verə bilər, lakin son qərarı müəllimlər, tələbələr və təhsil müəssisələri verməlidir. Universitetlərin bu texnologiyalara tənqidi tərəfdaş kimi yanaşmasının vacibliyi vurğulanır.