Norveç ibtidai siniflərdə süni intellektdən istifadəni qadağan edir
Norveç hökuməti ibtidai sinif şagirdlərinin generativ süni intellekt alətlərindən istifadəsini demək olar ki, tamamilə qadağan edəcək. Məqsəd texnologiyanın şagirdlərin əsas bilik və bacarıqlarına mənfi təsirinin qarşısını almaqdır.
"Azərbaycan müəllimi" xəbər verir ki, Norveçin Baş naziri Yunas Qar Störenin sözlərinə görə, yeni qaydalar avqustun sonlarında başlayacaq yeni tədris ilindən qüvvəyə minəcək.
Yeni standartlara əsasən, 6–13 yaşlı, yəni I–VII sinif şagirdləri ümumi qayda olaraq süni intellekt alətlərindən istifadə etməyəcəklər. VIII–X siniflərdə (14–16 yaş) isə bu texnologiyalardan yalnız müəllim nəzarəti altında və ehtiyatla istifadə olunmasına icazə veriləcək.
XI–XII sinif şagirdləri (17–19 yaş) isə ali təhsil və əmək bazarına hazırlaşmaları üçün süni intellektdən düzgün və məsuliyyətli istifadə etməyi öyrənəcəklər.
Baş nazir bildirib ki, kiçik yaşlı uşaqların süni intellektdən istifadə etməsi onların təhsil prosesində vacib mərhələləri ötürməsi riskini artırır. Onun sözlərinə görə, məktəbdə ən vacib məqsəd uşaqların oxumağı, yazmağı və riyaziyyatı mənimsəməsidir.
Norveç hökuməti bununla yanaşı sinif otaqlarında kitablardan istifadənin artırılması üçün qanunvericilik təşəbbüsü ilə çıxış etməyə hazırlaşır. Bu addım son illərdə planşet və digər rəqəmsal cihazlardan istifadənin genişlənməsi fonunda ənənəvi dərs vəsaitlərinə qayıdış kimi qiymətləndirilir.
Qeyd edək ki, Norveç 2024-cü ildə məktəblərdə smartfonların istifadəsini qadağan edib, müəllimlərə sinifdə nizam-intizamı təmin etmək üçün daha geniş səlahiyyətlər verib. Hökumət, həmçinin, 16 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi də planlaşdırır.




