BƏƏ-də repetitorluq fəaliyyəti üçün rəsmi icazə sistemi tətbiq olunur

22 İyun, 2026 - 15:57
BƏƏ-də repetitorluq fəaliyyəti üçün rəsmi icazə sistemi tətbiq olunur

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) repetitorluq fəaliyyətini tənzimləyən yeni hüquqi çərçivə tətbiq edib. Yeni qaydalara əsasən, şagirdlər, tələbələr, müəllimlər və müxtəlif dövlət və özəl qurumlarda çalışan şəxslər rəsmi iş icazəsi əsasında repetitorluq xidməti göstərə biləcəklər.

"Azərbaycan müəllimi" xəbər verir ki, yeni sistem BƏƏ-nin İnsan Resursları və Əmirləşdirmə Nazirliyi ilə Təhsil Nazirliyi tərəfindən hazırlanıb. Məqsəd sürətlə böyüyən özəl repetitorluq sektorunu tənzimləmək, bu sahədə şəffaflığı və peşəkar standartları təmin etməkdir.

Yeni qaydalara əsasən, 15–18 yaşlı məktəblilər, universitet tələbələri, özəl sektor əməkdaşları, dövlət və yarımdövlət qurumlarının işçiləri, eləcə də qeydiyyatdan keçmiş repetitorlar müraciət edə bilərlər.

15–18 yaşlı məktəblilərdən etibarlı yaşayış icazəsi, valideyn razılığı, məktəbdə təhsil aldıqlarını təsdiq edən sənəd, tibbi arayış və məhkumluğun olmaması barədə sənəd tələb olunur. Müəllimlər və digər əməkdaşlar isə təhsil sənədlərini təqdim etməli, dövlət və yarımdövlət qurumlarında çalışanlar, eləcə də məktəb müəllimləri işəgötürənlərindən etiraz etmədiklərinə dair rəsmi məktub almalıdırlar.

Müraciətlər nazirliyin rəsmi internet portalı və mobil tətbiqi vasitəsilə qəbul edilir. Bütün sənədlər təqdim edildikdən sonra müraciətlər iki iş günü ərzində qiymətləndirilir.

Təsdiqlənmiş repetitorluq icazəsi iki il müddətində qüvvədə olacaq və bu müddət ərzində sahibinə BƏƏ ərazisində qanuni şəkildə repetitorluq xidməti göstərmək imkanı verəcək.