ABŞ-də şagirdləri qumar asılılığından qorumaq üçün yeni proqramlara start verilir
ABŞ-nin Massaçusets ştatında məktəblərdə idman mərc oyunlarının riskləri barədə maarifləndirmə proqramı həyata keçirilir. Məqsəd xüsusilə oğlan şagirdlər arasında sürətlə yayılan qumar meylinin qarşısını erkən mərhələdə almaqdır.
"Azərbaycan müəllimi" xəbər verir ki, proqram çərçivəsində şagirdlərə idman mərc oyunlarının maliyyə, psixoloji və sosial riskləri izah edilir, reklamların manipulyativ üsulları təhlil olunur, həmçinin maliyyə savadlılığı və məsuliyyətli qərarvermə bacarıqları öyrədilir.
Massaçusetsdə idman mərc oyunları 2023-cü ildən qanuniləşdirilib. Mütəxəssislər hesab edirlər ki, mobil tətbiqlərin və sosial şəbəkələrdə yayılan reklamların artması yeniyetmələri qumara daha həssas edir.
"Common Sense Media"nın araşdırmasına görə, 11-17 yaşlı oğlanların təxminən üçdə biri son bir il ərzində qumar oyunlarında iştirak edib. Tədqiqat göstərir ki, yaş artdıqca bu göstərici yüksəlir və 16-17 yaşlı yeniyetmələrin təxminən yarısı idman mərc oyunları və ya digər qumar növləri ilə məşğul olduğunu bildirib.
Proqramın ilk mərhələsində 445 şagird iştirak edib. Qiymətləndirmələrin nəticələrinə əsasən, iştirakçıların 70 faizi problemli qumar davranışının əlamətlərini tanıya bildiyini, 64 faizi qanuni yaş həddinə çatana qədər mərc oyunlarından uzaq duracağını, 78 faizi isə proqramı yaşıdlarına tövsiyə edəcəyini bildirib.
Müsbət nəticələrdən sonra proqram genişləndirilib. Hazırda 15 orta məktəbdə və 5 orta təhsil müəssisəsində ümumilikdə 2200-dən çox şagird layihəyə cəlb olunub.
Mütəxəssislər vurğulayırlar ki, yeniyetmələrdə qumar asılılığının qarşısının alınması üçün maarifləndirməyə məktəb yaşlarından başlanması vacibdir. Onların fikrincə, məktəblərdə qumar riskləri ilə bağlı tədrisin sağlam həyat tərzi və rəqəmsal savadlılıq proqramlarının tərkib hissəsinə çevrilməsi gələcəkdə ciddi sosial problemlərin qarşısını ala bilər.




