15 yaşdan kiçik uşaqlara sosial mediadan istifadə qadağan olunur
Dünyanın bir sıra ölkələri 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edib. Avstraliya, İspaniya, Almaniya, Fransa və İtaliya kimi Avropa ölkələri uşaqların sosial media istifadəsini tənzimləmək və izləmək üçün müxtəlif təşəbbüslərə başlayıblar.
Bir çox ölkədə müəyyən yaşdan kiçik şəxslərin sosial media istifadəsinin qadağan edilməsi və ya məhdudlaşdırılması ilə bağlı xəbərlər artmaqda davam edərkən, Türkiyədə də oxşar addımların atılması üçün son hazırlıqlara başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Türkiyədə uşaqların sosial media istifadəsinə məhdudiyyətlər qoyulacağını açıqlayıb.
Nazir hazırda uşaqlar üçün sosial medianın tənzimlənməsi ilə bağlı davam edən işlər barədə məlumat verib: "Bu tənzimləmə ilə sosial şəbəkə provayderlərinə 15 yaşdan kiçik uşaqlara xidmət göstərməmək və ya onlar üçün hesab yaratmamaq öhdəliyi qoyulmasını təklif edirik".
Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən yaş yoxlamasını, platforma məsuliyyətini və valideyn nəzarətini gücləndirmək məqsədilə görülən işlərin davam etdiyi məlum olub. 15 yaşdan kiçik uşaqların internetdən müntəzəm və təhlükəsiz istifadəsini təmin etmək üçün nazirlik tərəfindən görülən hazırlıqların bir hissəsi olaraq, məqsəd uşaqların sosial media platformalarında məruz qala biləcəyi risklərin qarşısını almaqdır.
Nazir Özdemir Göktaş tənzimləmənin bu ayın sonuna qədər tətbiq olunacağını bildirib: “Bu, internet qadağası deyil. Bu, sosial media və oyun platformalarını hədəf alan bir tənzimləmədir. Biz bunu bu ayın sonuna qədər tətbiq edəcəyik”.
Nazir tənzimləmə ilə bağlı aşağıdakı açıqlamaları verib: “15 yaşdan kiçik uşaqlar şəxsiyyət təsdiqlənməsi olmadan sosial mediaya və oyun platformalarına daxil ola bilməyəcəklər. Sosial media platformaları və oyun platformaları dövlət tərəfindən nəzarətdə saxlanılacaq. Uşaqların kommersiya məhsulu kimi istifadəsinə artıq icazə verilməyəcək”.
Bu təşəbbüsün məqsədi uşaqların sosial media platformalarında tək və nəzarətsiz qalmasının qarşısını almaq və valideynləri daha aktiv rəhbərlik rolunu oynamağa təşviq etməkdir. Planlaşdırılan yeni qaydalarla 15 yaşdan kiçik uşaqlar şəxsiyyət təsdiqlənməsi olmadan sosial media platformalarına və oyunlarına daxil ola bilməyəcəklər; bütün platformalar və xidmətlər dövlətin nəzarəti altında olacaq.


