ABŞ-də xarici tələbələrdən işləmək üçün 100 min dollar tələb oluna bilər

31 İyul, 2026 - 13:28
ABŞ-də xarici tələbələrdən işləmək üçün 100 min dollar tələb oluna bilər

ABŞ-də universiteti bitirdikdən sonra ölkədə işləmək istəyən xarici tələbələr üçün 100 min dollarlıq ödənişin tətbiq edilməsi nəzərdən keçirilir.

"Azərbaycan müəllimi" "The Wall Street" jurnalına istinadən xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi xarici tələbələrə təhsildən sonra müəyyən müddət işləməyə imkan verən "İxtisas üzrə praktiki təlim" proqramına görə 100 min dollar ödəniş tələb edilməsini müzakirə edir. Təklif hələ yekun qərar şəklində təsdiqlənməyib və bu məbləğin tələbələr, universitetlər, yoxsa onları işə götürən şirkətlər tərəfindən ödəniləcəyi də müəyyənləşdirilməyib.

"İxtisas üzrə praktiki təlim" proqramı xarici tələbələrə ABŞ-də aldıqları təhsillə birbaşa əlaqəli sahədə məzun olduqdan sonra 1 ildən 3 ilədək işləmək imkanı verir. Proqram beynəlxalq tələbələrin ABŞ-də təhsil almağı seçməsinin əsas səbəblərindən biri hesab olunur. 2024-cü ildə təxminən 419 min xarici məzun bu proqram çərçivəsində ABŞ-də işləyib.

Təklifin qəbul ediləcəyi təqdirdə ABŞ universitetlərinə, xüsusilə xarici tələbələrin təhsil haqqından əhəmiyyətli gəlir əldə edən ali məktəblərə təsir göstərə biləcəyi bildirilir. Eyni zamanda texnologiya və maliyyə sektorlarında ABŞ universitetlərinin məzunlarını işə götürən şirkətlərin də bu dəyişiklikdən təsirlənəcəyi gözlənilir.

Bu təşəbbüs ABŞ-də qanuni miqrasiyanın sərtləşdirilməsi istiqamətində atılan digər addımlarla eyni xətt üzrə qiymətləndirilir. Administrasiya daha əvvəl xarici mütəxəssislər üçün H-1B vizalarına da 100 min dollarlıq ödəniş tətbiq etməyi təklif etmişdi. Lakin həmin ödənişlə bağlı qərar məhkəmə tərəfindən bloklanıb.

ABŞ administrasiyasının "İxtisas üzrə praktiki təlim" proqramına daha geniş dəyişikliklər hazırladığı və yeni qaydaların bu ilin payızında təqdim edilə biləcəyi də bildirilir.