ABŞ universitetində hüquq təhsili alanlar üçün süni intellektdən istifadəyə qadağa qoyulub

30 İyul, 2026 - 12:00
ABŞ universitetində hüquq təhsili alanlar üçün süni intellektdən istifadəyə qadağa qoyulub

ABŞ-nin Berkli Kaliforniya Universitetinin Hüquq fakültəsində tələbələrin tədris tapşırıqlarını yerinə yetirərkən süni intellektdən istifadəsi qadağan edilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, qərarın tələbələrin süni intellektdən istifadə etməklə şübhəli hüquqi əsaslandırmaya malik işlər hazırlaması və bunun plagiatla bağlı narahatlıqlara səbəb olması fonunda qəbul edildiyi bildirilir.

Tələbələr kredit və ya qiymətləndirmə üçün təqdim etdikləri işlərin ideyasının formalaşdırılması, planlaşdırılması, yazılması, yenidən işlənməsi, tərcüməsi və redaktəsi zamanı süni intellektdən istifadə edə bilməyəcəklər.

Bununla belə, süni intellektdən tamamilə imtina edilmir. Texnologiyanın hüquqi və etik istifadəsini öyrətməyə həsr olunan xüsusi dərslərdə müəllim və tələbələrə ondan istifadə etməyə icazə veriləcək. Bu cür dərslər əsasən təhsilin son mərhələsində olan tələbələr üçün nəzərdə tutulur.

Berkli Universitetinin hüquq professoru Conatan Qleyter bildirib ki, süni intellektdən hüquqşünasların fəaliyyətini təkmilləşdirmək üçün istifadə etməyin yolları var. Onun sözlərinə görə, tələbələri peşə fəaliyyətində bu texnologiyadan istifadə etməyə hazırlayan daha ixtisaslaşmış dərslərdə süni intellektin istifadəsini tamamilə qadağan etmək düzgün olmazdı.