ADA Universitetində “Baku Archifest 2025” festivalının açılışı olub

5 Noyabr, 2025 - 20:16
ADA Universitetində “Baku Archifest 2025” festivalının açılışı olub
ADA Universitetində “Baku Archifest 2025” festivalının açılışı olub
ADA Universitetində “Baku Archifest 2025” festivalının açılışı olub
ADA Universitetində “Baku Archifest 2025” festivalının açılışı olub

ADA Universitetində memarlıq, şəhərsalma və innovativ dizayn sahəsində regionun ən nüfuzlu platformalarından birinə çevrilən “Baku Archifest 2025” festivalının açılışı keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan festival ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin akademik tərəfdaşlığı ilə memarlıq şirkətləri - “Design Bureau” və “Aslı Partners” tərəfindən həyata keçirilir.

Festival 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində keçirilən “2026-cı il Azərbaycan şəhərsalma kampaniyası”nın ilk tədbiridir.

Festivalın builki mövzusu “Şəhərliliyin axtarışında” — şəhər məkanının idarə olunmasında yeni yanaşmalar, dayanıqlı dizayn modelləri və gələcək şəhər mühitinin formalaşdırılmasında çoxşaxəli əməkdaşlıqdır. 

Tədbirin açılışında çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, Milan Politexnik Universiteti ilə birgə təsis olunan Dizayn və memarlıq fakültəsinin ilk böyük beynəlxalq tədbirinin məhz “Archifest” olması simvolik məna daşıyır. O vurğulayıb ki, bu platforma tələbələr üçün qlobal peşəkar mühitə birbaşa çıxış imkanı yaradır, əməkdaşlıq və təcrübə mübadiləsini gücləndirir.

Daha sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Əməkdar memar İlqar İsbatov, BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave, “PASHA Real Estate Group”un baş icraçı direktoru Özgür Geter, “Design Bureau” şirkətinin direktoru Fizuli Əliyev və “Aslı Mimarlık” şirkətinin direktoru Hüseyn Tonquç Özcan çıxış ediblər.

Açılış nitqlərindən sonra ADA Universiteti ilə “PASHA Real Estate Group” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd çərçivəsində əsası qoyulan Dizayn, Yaradıcılıq və Sahibkarlıq Mərkəzinin növbəti beş ildə əsas tərəfdaşı “PASHA Real Estate Group” olacaq. Bu mərkəzdə universitetlə dövlət və özəl sektor bir araya gələrək tələbələrə öz ideyalarını biznesə çevirmək üçün dəstək verəcəklər.

Festival müddətində Azərbaycan, İtaliya, Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən tanınmış memarlar, şəhərsalma mütəxəssisləri, professorlar və dizaynerlər “İdeal şəhərin dizaynı”, “Bakının keçmişi, bu günü və gələcəyi” və digər mövzular üzrə təşkil olunan panel müzakirələrdə çıxış edəcəklər. Builki “Baku Archifest”in əsas çıxışçısı İtaliyanın “One Works” şirkətinin qurucusu və idarəedici partnyoru, memar Leonardo Kavallidir.