"BilBacar"la bağlı bütün sualların cavabı

3 Noyabr, 2025 - 17:24
"BilBacar"la bağlı bütün sualların cavabı

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə III və IV sinif şagirdlərinin oxu bacarıqlarını inkişaf etdirmək və məktəblər arasında sağlam rəqabət mühiti formalaşdırmaq məqsədilə “BilBacar” müsabiqəsinə start verilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin əsas məqsədi ibtidai sinif şagirdlərinin oxu vərdişlərini təkmilləşdirmək, eyni zamanda sinifdaxili, siniflərarası və məktəblərarası rəqabəti təşviq etməkdir. Yarışda cari tədris ilində III və IV siniflərdə təhsil alan şagirdləri olan məktəblər iştirak edə biləcəklər.

Müsabiqənin formatı və müddəti

“BilBacar” müsabiqəsi bir neçə gündən sonra başlayacaq və 8 ay davam edəcək. Ümumilikdə 4 seansdan ibarət olacaq yarışda şagirdlər oxu bacarıqlarını nümayiş etdirəcək, həm siniflər, həm də məktəblər ümumi nəticə üzrə yarışacaqlar.

Müsabiqə iki mərhələdən ibarət olacaq, virtual mərhələ (noyabr 2025 – may 2026) və əyani final mərhələsi (iyun 2026).

Birinci mərhələdə hər məktəb üçün “BilBacar” koordinatoru təyin ediləcək. İştirakçılar UTİS kodu və şifrəsi vasitəsilə platformada şəxsi kabinetlərinə daxil olacaqlar. Platformada “Hazırlıq” və “Yarış” adlı iki əsas bölmə fəaliyyət göstərəcək.

“Hazırlıq” bölməsinə şagirdlər istənilən vaxt və məkandan daxil ola biləcəklər. Seanslar iki hissədən ibarət olacaq (40+40 dəqiqə, arada 10 dəqiqəlik fasilə ilə).

“Yarış” bölməsində şagirdlər “BilBacar” koordinatorunun nəzarəti altında iştirak edəcəklər. Seans eyni qaydada iki hissədən ibarət olacaq, səhv cavablar nəticəyə təsir etməyəcək və hər düzgün cavab 10 balla qiymətləndiriləcək. Seansların tarixləri əvvəlcədən elan olunacaq.

Final mərhələsi
Final mərhələsi əyani şəkildə, mərkəzləşdirilmiş formada keçiriləcək. Bu mərhələdə birinci mərhələnin nəticələri sıfırlanacaq və qaliblər müəyyən ediləcək.

Məktəblər “Yüksək iştirakçılıq” və “Yüksək nəticə” (orta bal) nominasiyaları üzrə yarışacaqlar. Siniflərin nəticələri topladıqları balların ortalaması ilə müəyyən ediləcək.

Müsabiqənin sonunda təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Qalib gələn şagirdlərə və məktəblərə diplom və digər qiymətli hədiyyələr təqdim ediləcək.