ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib

27 Aprel, 2026 - 14:24
ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib

Aprelin 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi ilə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin əməkdaşları arasında strateji müzakirə görüşü keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə ADMİU rəhbərliyi, professor-müəllim heyəti, eləcə də Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin nümayəndələri iştirak ediblər.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları və görüş iştirakçılarını salamlayaraq ali təhsil sistemində həyata keçirilən islahatların və nazirlik əməkdaşları ilə universitetlərin bu kimi görüşlərinin əhəmiyyətindən danışıb.

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman ali təhsildə keyfiyyətin artırılması və strateji hədəflərin reallaşdırılması üçün universitetlərlə əməkdaşlığın vacibliyini vurğulayıb. Eyni zamanda T.Süleyman ADMİU-dakı təhsil strategiyası ilə bağlı müəyyən qeydlərini də bölüşüb.

Görüşdə hər iki tərəfin nümayəndələri ali təhsilin hazırkı vəziyyəti, tədrisin təşkili, magistratura və doktorantura pilləsində ehtiyac duyulan dəyişikliklər barədə geniş müzakirələr aparıblar. Nazirlik əməkdaşları universitet rəhbərliyinin və müəllimlərin qeydlərini, suallarını diqqətlə dinləyərək, önə çəkilən məsələlər barədə onları maraqlandıran sualları cavablandırıb. Geniş fikir mübadiləsi fonunda qarşılıqlı əməkdaşlıq imkanları dəyərləndirilib.

İştirakçılar ADMİU-nun yaradıcı ali təhsil müəssisəsi olduğunu nəzərə alaraq, onun spesifikasına uyğun tədrisin daha da inkişaf etdirilməsi yönündə təkliflərlə çıxış ediblər.

Tədbirdə irəli sürülən sual və təkliflər Elm və Təhsil Nazirliyi nümayəndələri tərəfindən cavablandırılıb və bildirilib ki, bu təkliflər hüquqi-normativ bazanın təkmilləşdirilməsi zamanı nəzərə alınacaq.

Sonda tərəflər müvafiq islahatlardan öncə nazirlik əməkdaşları tərəfindən universitetlərin təklif və ideyalarının dinlənilməsinin təhsilin inkişafına mühüm töhfə verdiyini deyiblər. Görüş iştirakçıları belə əməkdaşlıq platformalarının ali təhsildə keyfiyyətin yüksəldilməsinə ciddi töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib
ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib
ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib
ADMİU-da Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə görüş keçirilib