ADNSU-da effektiv kommunikasiya ilə bağlı təlim keçirilib

19 Dekabr, 2025 - 17:56
ADNSU-da effektiv kommunikasiya ilə bağlı təlim keçirilib

Dekabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "SOCAR Upstream Management İnternational" MMC şirkəti tərəfindən Məzunlarla İş və Karyera Mərkəzinin təşkilatçılığı ilə “Effektiv kommunikasiya qurulması və maraqlı tərəflərin (stakeholder) düzgün idarə olunması” mövzusunda təlim keçirilib.

ADNSU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, təlim SUMİ şirkətinin əməkdaşları Şəbnur Quliyeva və Samir Əliyev iştirakı ilə keçirilib və PMP standartlarına əsaslanaraq təşkil olunmuş və real praktik nümunələr, eləcə də interaktiv müzakirələr formatında baş tutub.

Tədbirin əsas məqsədi tələbələrə layihə idarəetməsində effektiv kommunikasiya qurmaq və stakeholder-lərlə düzgün əməkdaşlıq bacarıqlarını aşılamaq olub.

Təlim çərçivəsində iştirakçılara PMP standartlarına uyğun effektiv kommunikasiya prinsipləri, layihələrdə maraqlı tərəflərin düzgün idarə olunması, real layihə ssenariləri və kommunikasiya risklərinin azaldılması yolları barədə ətraflı məlumat verilib.

Tədbirdə ADNSU və UFAZ-ın 2,3-cü və 4-cü kurs tələbələri, həmçinin layihə idarəetməsinə maraq göstərən və PMP əsaslarını öyrənmək istəyən tələbələr iştirak etdilər və öz suallarını veriblər.