ADNSU-da “Etik və şəffaf kommunikasiya” mövzusunda təlim keçirilib

13 Noyabr, 2025 - 16:13

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) həyata keçirilən “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsinin növbəti təlimi baş tutub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu dəfə layihənin qonaq təlimçisi TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova olub.

Təlim “Etik və şəffaf kommunikasiya: etibarı qurmaq, fakt və emosiyanın balansı” mövzusuna həsr olunub. Zamirə Ədilova çıxışında dövlət qurumlarında kommunikasiya prosesinin əsas prinsipləri, məlumatın doğru və operativ təqdim edilməsi, ictimai etibarın formalaşması və kommunikasiya şəffaflığının əhəmiyyəti barədə danışıb.

Təlimçi ictimaiyyətlə əlaqələr sahəsinin hüquqi çərçivəsi barəsində məlumat verib. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası, “Media haqqında” qanun, “İnformasiya əldə etmək haqqında” qanun, “Məlumat azadlığı haqqında” qanun və digər normativ aktlar əsasında kommunikasiya fəaliyyətinin necə qurulmalı olduğu izah edilib. Bununla yanaşı, informasiya sorğularının cavablandırılması qaydaları, operativlik tələbləri və fövqəladə hallarda məlumatın təqdim olunması mexanizmləri barədə məlumat verilib.

Ardınca Zamirə Ədilova şəffaflığın etibar qurmaqda rolu və emosional ünsiyyətin faktlarla balanslaşdırılmasının əhəmiyyətini real nümunələr üzərində izah edib. Təlim zamanı tələbələrlə interaktiv “Etibar zənciri” adlı qrup tapşırığı həyata keçirilib. Tapşırıq, qulaqdan-qulağa ötürülən məlumat üzərində aparılan təcrübə, informasiya mübadiləsinin nə qədər asanlıqla təhrif oluna biləcəyini göstərərək dəqiq və dürüst kommunikasiyanın önəmini vurğulayıb. Sessiya tələbələrin fəal iştirakı, suallar və müzakirələrlə davam edib.

Qeyd edək ki, “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsi çərçivəsində tələbələrin media və kommunikasiya sahəsindən olan tanınmış mütəxəssislərlə görüşləri nəzərdə tutulur. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək, ən yüksək nəticə göstərən üç tələbə isə ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən xüsusi mükafatlandırılacaq.