ADNSU-da qadın sahibkarlığı və innovasiyalar üzrə təlim keçirilib

8 Aprel, 2026 - 16:52
ADNSU-da qadın sahibkarlığı və innovasiyalar üzrə təlim keçirilib

Aprelin 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “FutureFem 2.0-qadınların sahibkarlıq və innovasiya potensialının artırılması” layihəsi çərçivəsində ilk təlim görüşünü təşkil edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə ölkənin mobil operatoru "Azercell"in dəstəyi, ADNSU-nun tərəfdaşlığı və Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilir. Onun əsas məqsədi qadınların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, innovativ düşüncə tərzinin təşviqi və startap ekosistemində onların aktiv iştirakının dəstəklənməsidir.

İlk təlim görüşü süni intellekt və rəqəmsal texnologiyalar üzrə mütəxəssis Qədim Qədimovun iştirakı ilə “Büdcə planlaşdırması və startap maliyyələşməsi” mövzusuna həsr olunub. Təlim iki seans formatında təşkil edilib və iştirakçılara startap ideyalarının maliyyə baxımından düzgün planlaşdırılması, investisiya cəlbetmə mexanizmləri, büdcə strukturunun qurulması və davamlı maliyyə idarəçiliyi haqqında ətraflı məlumat təqdim olunub.

Təlim çərçivəsində iştirakçılar nəzəri biliklərlə yanaşı, praktiki yanaşmalar, real nümunələr və tətbiq edilə bilən alətlər vasitəsilə startapların maliyyə dayanıqlığının təmin edilməsi üzrə mühüm bacarıqlar əldə ediblər.

Qeyd edək ki, layihə "Azercell"in qadınların sosial və iqtisadi inkişafını dəstəkləyən “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilmiş təşəbbüslərdən biridir. Layihə müddətində müxtəlif sahələr üzrə ekspertlərin iştirakı ilə silsilə təlim görüşlərinin keçirilməsi nəzərdə tutulub. Təşəbbüs qadınların innovasiya və sahibkarlıq mühitində daha fəal rol almasına, liderlik və təşəbbüskarlıq potensiallarının güclənməsinə xidmət edir.