ADNSU-da “Süni intellekt dövründə dezinformasiya və feyk xəbərlərlə mübarizə” təlimi keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsi çərçivəsində daha bir növbəti təlim baş tutub.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, bu dəfə tələbələrin qonağı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü və Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli olub.
Təlim “Süni intellekt dövründə dezinformasiya və feyk xəbərlərlə mübarizə” mövzusuna həsr olunub. Hacıbəy Heydərli müasir media mühitində dezinformasiyanın yeni formaları, süni intellektin yaratdığı imkanlar və təhlükələr, informasiya manipulyasiyasının mexanizmləri və onların qarşısının alınması yolları barədə geniş məlumat verib.
O, süni intellekt texnologiyalarının, xüsusilə də “deepfake”, saxta şəkillər, manipulyativ mətnlər və bot şəbəkələrin informasiya müharibəsində necə istifadə olunduğunu real nümunələr üzərində izah edib. Təlimçi həmçinin xəbər istehsalında faktların yoxlanılması metodları, mənbələrin etibarlılığının qiymətləndirilməsi, informasiya gigiyenası və media savadlılığının önəmi barədə tövsiyələr verib.
Təlim zamanı tələbələrə feyk xəbərlərin aşkarlanması üçün praktik nümunələr təqdim olunub. Müxtəlif xəbərlər, vizuallar və paylaşımlar üzərində analiz aparılaraq onların həqiqiliyi barədə müzakirələr aparılıb. Hacıbəy Heydərli gənclərin informasiya mühitində daha diqqətli, analitik və məsuliyyətli istifadəçilər kimi formalaşmasının vacibliyini xüsusi vurğulayıb. Sessiya interaktiv şəkildə davam edib. Sonda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, ADNSU-da həyata keçirilən “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsi çərçivəsində tələbələr media və kommunikasiya sahəsində tanınmış mütəxəssislər ilə görüşməyə davam edirlər. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və ən yüksək nəticə göstərən üç tələbə ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən xüsusi mükafatlandırılacaq.


