ADNSU ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub

22 Dekabr, 2025 - 11:40
ADNSU ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

ADNSU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, görüş zamanı nazirliyin 2025–2030-cu illər üçün müəyyən etdiyi insan kapitalının inkişafı üzrə fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, güclü müdafiə sənayesi ekosisteminin formalaşdırılması məqsədilə universitet–sənaye–dövlət əməkdaşlığı çərçivəsində 2026-cı ildə icrası nəzərdə tutulan yeni layihələr müzakirə olunub.

Bununla yanaşı, 2025-ci ildə uğurla həyata keçirilmiş “DefAge Bootcamp” layihəsinin nəticələri təqdim edilib.

Rektor Rüfət Əzizov ADNSU-nun fəaliyyəti, tədris və tədqiqat imkanları, həmçinin müdafiə sənayesi istiqamətində həyata keçirilə biləcək potensial əməkdaşlıq imkanları barədə geniş məlumat verib. Bildirilib ki, ADNSU mühəndislik və tətbiqi elmlər sahəsində zəngin tarixi irsə və mövcud potensiala əsaslanaraq birgə elmi-tədqiqat layihələrinin icrasında fəal iştirak edəcək. Yaxın vaxtlarda gənc tədqiqatçılar tərəfindən bu istiqamətdə birgə tədqiqat fəaliyyət planının təqdim olunması nəzərdə tutulur.

Müzakirələr zamanı ölkəmizdə müdafiə sənayesinin uzunmüddətli və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə tədqiqat və inkişafa əsaslanan, elm tutumlu ekosistemin formalaşdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Səmimi və konstruktiv şəraitdə keçən görüşdə qeyd olunan istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsi, prosesin davamlılığının təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bu cür görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub.

ADNSU ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub
ADNSU ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq müzakirə olunub