ADNSU komandası beynəlxalq innovasiya festivalında medal qazanıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən “Silicon Valley International Invention Festival – SVIIF 2026” beynəlxalq innovasiya festivalında uğurla çıxış edərək gümüş medal qazanıb.
Bu barədə "Azərbaycan müəllimi"nə ADNSU-dan məlumat verilib.
Bildirilib ki, ölkəmiz festivalda 8 innovativ layihə ilə təmsil olunub və təqdim olunan bütün layihələr mükafata layiq görülüb. Milli komanda 3 qızıl, 3 gümüş və 2 bürünc medal, həmçinin “Semi-Grand Prix” xüsusi mükafatını qazanıb.
Azərbaycan nümayəndə heyətinin tərkibində ADNSU-nu SABAH mərkəzinin rəhbəri Arzu İbrahimova, SABAH qruplarının “Süni intellekt” ixtisaslaşması üzrə magistr tələbələri Cahid Cabizadə və Cavid Cəlilov təmsil ediblər.
ADNSU komandası festivalda “ECHRON” innovativ layihəsini təqdim edib. Layihə beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək SVIIF 2026-nın gümüş medalına layiq görülüb.
Qeyd edək ki, 14–16 avqust tarixlərində ABŞ-ın Kaliforniya ştatında keçirilən festival dünyanın müxtəlif ölkələrindən ixtiraçıları, alimləri, tələbələri, universitet nümayəndələrini və innovasiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirib. Bu il SVIIF-də 30-dan çox ölkədən 500-dən artıq ixtiraçı iştirak edib.




