ADNSU müəllimlərinin məqaləsi beynəlxalq jurnalda çap olunub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəllimlərinin elmi məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub. Məqalə “Duz aktivləşdirməsi ilə yeni tip məsaməli geopolimer materialın köpükləndirilməsi və sintezi” adlanır.
"Azərbaycan müəllimi" xəbər verir ki, ADNSU-nun “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının müdiri, texniki elmlər doktoru, professor Yunis Qəhrəmanlı və həmin kafedranın müəllimi, doktorant, UFAZ məzunu Qoryunova Kristina İqoryevna tərəfindən həmmüəllifliklə hazırlanan məqalə Böyük Britaniyanın “Royal Society of Chemistr”y təşkilatına məxsus olan “RSC Advances” jurnalında çap olunub. Jurnal “Scopus” və “Web of Science” bazalarında indekslənir və Scopus üzrə Q1 kvartilinə daxildir.
Araşdırmada köpükləndirici maddənin miqdarının və aktivator konsentrasiyasının materialın sıxlığına, məsaməliliyinə, istilikkeçirmə qabiliyyətinə və mexaniki möhkəmliyinə təsiri sistemli şəkildə öyrənilib. Mikrostruktur analiz nəticələri göstərib ki, material tənzimlənə bilən məsamə quruluşuna malik hibrid alüminosilikat-fosfat şəbəkəsindən ibarətdir. Tədqiqat sübut edir ki, duz aktivləşdirilmiş geopolymerlər həm ekoloji cəhətdən daha təmiz, aşağı karbonlu tikinti materialı kimi, həm də yüksək effektiv istilik izolyasiya vasitəsi kimi istifadə oluna bilər. Bu yanaşma eyni zamanda tikinti tullantılarının səmərəli dəyərləndirilməsinə və CO₂ emissiyalarının azaldılmasına real töhfə verir.
Məqaləyə aşağıdakı keçid vasitəsilə baxmaq mümkündür: https://doi.org/10.1039/D5RA05707H



