ADNSU QS reytinq cədvəlində iki fənn üzrə yüksək pillədə qərarlaşıb

25 Mart, 2026 - 18:01
ADNSU QS reytinq cədvəlində iki fənn üzrə yüksək pillədə qərarlaşıb

“Quacquarelli Symonds (QS)” reytinq agentliyi dünyanın ən yaxşı universitetlərinin 2026-cı il üçün fənn sahələri üzrə reytinq cədvəlini dərc edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünyanın ən nüfuzlu ali təhsil reytinqlərindən biri hesab olunan QS reytinqinin 2026-cı il nəticələrində iki fənn üzrə qlobal siyahıya daxil olub.

Reytinqin nəticələrinə əsasən ADNSU neft mühəndisliyi istiqaməti üzrə 101–150, Kompüter elmləri və informasiya sistemləri istiqaməti üzrə isə 451–500 intervalında qərarlaşıb.

2026-cı il buraxılışında dünya üzrə 6200-dən çox ali təhsil müəssisəsi təhlil olunub. Onlardan 1912 universitet 55 müxtəlif fənn istiqaməti üzrə qlobal reytinq siyahısına daxil edilib.

Əldə olunan nəticələr universitetin xüsusilə mühəndislik və texnologiya sahələrində akademik potensialının və elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanındığını göstərir.

Neft mühəndisliyi istiqaməti üzrə əldə olunan mövqe universitetin bu sahədə qlobal reytinqdə yer alan əsas ixtisas istiqamətlərindən biri kimi mövqeyini qoruduğunu nümayiş etdirir. Bundan əlavə, ADNSU 2024-cü ildə də fənn sahələri üzrə QS reytinqində neft mühəndisliyi istiqaməti üzrə qlobal siyahıya daxil olmuşdu.

Kompüter elmləri sahəsisində isə 2020–2024-cü illər ərzində universitet alimləri tərəfindən 500-dən çox elmi məqalə dərc olunub və bu tədqiqatlar minlərlə elmi istinad əldə edib. Eyni zamanda sahə üzrə 356 müəllifin elmi fəaliyyəti qeydə alınıb və orta hesabla hər bir elmi məqaləyə 5-dən çox istinad düşür.

Qeyd edək ki, QS tərəfindən hər il hazırlanan bu reytinq cədvəli universitetləri akademik reputasiya, işəgötürən reputasiyası, elmi məqalələrə edilən istinadlar, H-indeksi və beynəlxalq elmi əməkdaşlıq kimi göstəricilər əsasında qiymətləndirir. Bu indikatorlar ali məktəblərin həm tədris, həm də tədqiqat fəaliyyətinin qlobal səviyyədə nə dərəcədə tanındığını göstərir.

ADNSU QS reytinq cədvəlində iki fənn üzrə yüksək pillədə qərarlaşıb
ADNSU QS reytinq cədvəlində iki fənn üzrə yüksək pillədə qərarlaşıb
ADNSU QS reytinq cədvəlində iki fənn üzrə yüksək pillədə qərarlaşıb
ADNSU QS reytinq cədvəlində iki fənn üzrə yüksək pillədə qərarlaşıb