ADNSU rektoru 100 uğurlu tələbə ilə görüşüb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin il ərzində yüksək akademik göstəriciləri və fəallığı ilə seçilən 100 tələbəsi ilə görüş keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirin məqsədi universitet həyatında fərqlənən tələbələrin uğurlarını qiymətləndirmək, onların motivasiyasını artırmaq və gələcək inkişaflarına dəstək olmaq olub.
Görüş zamanı ADNSU-nun rektoru, dosent Rüfət Əzizov vurğulayıb ki, tələbələrin yalnız akademik nailiyyətləri deyil, eyni zamanda sosial fəallığı, təşəbbüskarlığı və universitetin ictimai həyatında aktiv iştirakı da xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma ADNSU-da tələbə mərkəzli təhsil mühitinin formalaşdırılmasının əsas prioritetlərindən biridir.
Tədbir çərçivəsində universitetin müxtəlif fakültələri və strukturları üzrə seçilən tələbələrə sertifikatlar təqdim edilib. Təqdimatlarda ADNSU-nun 7 fakültəsi ilə yanaşı, UFAZ, SABAH Mərkəzi, BA və magistratura proqramları üzrə təhsil alan tələbələr, əcnəbi tələbələr, eləcə də Tələbə Həkmarlar İttifaqı Komitəsinin xətti ilə fəaliyyət göstərən fakültə və klub fəalları iştirak ediblər.
Bununla yanaşı, tələbə təşkilatları və peşəkar birliklər SEG, Tələbə Elmi Cəmiyyəti, IMechE, SPE, Tələbə Gənclər Təşkilatı, Heydər Əliyev məktəbi və UFAZ-ın nəzdində fəaliyyət göstərən tələbə klublarının fəallığı ilə seçilən gəncləro də təltif olunublar.
Görüş səmimi və motivasiyaedici mühitdə keçib. Qeyd olunub ki, bu cür təşəbbüslər tələbələrin potensialının üzə çıxarılmasına, liderlik bacarıqlarının inkişafına və universitetə bağlılığının güclənməsinə mühüm töhfə verir.


