ADNSU tələbələri üçün Fizika İnstitutuna infotur təşkil olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Energetika” fakultəsi “Energetika mühəndisliyi” ixtisasının 1-ci kurs tələbələri üçün infotur təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, infoturu ADNSU-nun “Fizika” kafedrasının dosenti, ARETN Fizika İnstitutunun “Nazik təbəqələr və epitaksial strukturlar” laboratoriyasının rəhbəri, dosent Xuraman Əhmədova təşkil edib.
Tələbələr öncə Fizika İnstitutunun direktor vəzifəsini icra edən, professor Elçin Hüseynov ilə görüşüb. Professor Elçin Hüseynov tələbələrlə görüş zamanı onlara elmə maraqla yanaşmağı, daim öz üzərlərində çalışmağı və müasir elmi yenilikləri yaxından izləməyi tövsiyə edib.
Səfərin əsas məqsədi tələbələri institutun elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış etmək, onların elmi mühit haqqında daha ətraflı məlumat əldə etməsinə şərait yaratmaq və gələcək tədqiqat fəaliyyətlərində faydalı ola biləcək praktik tövsiyyələr verməkdir. Görüş zamanı tələbələrə əvvəlcə laboratoriyalardakı təhlükəsizlik qaydaları barədə məlumat verilib. Daha sonra institutun əməkdaşlarının iştirakı ilə tələbələr burada aparılan aktual elmi tədqiqatlar, tətbiq olunan müasir texnologiyalar və innovativ yanaşmalar barədə ətraflı məlumat əldə edərək laboratoriyalar və araşdırma prosesləri ilə yaxından tanış olublar.
Sonda tələbələrin sualları cavablandırılıb.



