ADNSU və Bar-İlan Universiteti sənaye üçün birgə tədqiqat imkanlarını müzakirə edib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İsrailin Bar-İlan Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə "Azərbaycan müəllimi"nə ADNSU-dan məlumat verilib.
Bildirilib ki, görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, beynəlxalq əlaqələr üzrə prorektor, t.ü.f.d. Nigar Adilova və Kimya Texnologiyaları fakültəsinin Neft-kimya mühəndisliyi kafedrasının müdiri, k.e.d. Elvira Hüseynova həmçinin Bar-İlan Universitetinin Sənaye-Akademik Əlaqələr üzrə prorektoru Prof. Zeev Zalevsky, Mühəndislik və Kimya Fakültəsinin baş elmi işçisi Dr. Pilkhaz Nanikashvili, həmçinin Azərbaycan Texniki Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin “Layihələrin idarə edilməsi” sektorunun müdiri, professor Elşən Qurbanov iştirak ediblər.
Görüşdə iki universitet arasında mühəndislik, enerji, süni intellekt və sənayenin avtomatlaşdırılması istiqamətlərində əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.
Tərəflər sənaye ilə inteqrasiyaya əsaslanan birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Bununla yanaşı, birgə layihələrin hazırlanması, tədqiqat potensialının birləşdirilməsi və hər iki universitet üçün qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və konkret birgə təşəbbüslərin hazırlanması üzrə növbəti addımlar müzakirə olunub.




