ADPU “UI GreenMetric” reytinqində 163 pillə irəliləyib

10 Dekabr, 2025 - 14:58
ADPU “UI GreenMetric” reytinqində 163 pillə irəliləyib
ADPU “UI GreenMetric” reytinqində 163 pillə irəliləyib

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) nüfuzlu “GreenMetric World University Rankings 2025”də əhəmiyyətli irəliləyiş əldə edib. 

Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, ADPU müxtəlif meyarlar üzrə toplam 4320 bal toplayaraq dünyanın 1745 ali təhsil müəssisəsi arasında 1225-ci pillədə qərarlaşıb.

2024-cü ildə ADPU 1477 universitet arasında 1388-ci nəticə göstərmişdi. Bu nəticə universitetin davamlılıq, ekoloji idarəetmə, enerji səmərəliliyi və kampusda yaşıl infrastruktur istiqamətində həyata keçirdiyi tədbirlərin müsbət dinamikasını nümayiş etdirir.

Bu il Azərbaycandan "UI GreenMetric" reytinqində yer alan ali təhsil müəssisələrinin sayı artaraq 19-a çatıb. Artan rəqabət fonunda ADPU ölkə üzrə 14-cü yer tutub. Ötən il reytinqdə Azərbaycan üzrə 12 universitet yer almış, ADPU həmin siyahıda 12-ci pillədə qərarlaşmışdı.

Qeyd edək ki, reytinqdə kampusda yaşıl infrastruktur, enerji səmərəliliyi, tullantıların idarə olunması, su resurslarının istifadəsi, davamlı nəqliyyat və ekoloji maarifləndirmə kimi istiqamətlər üzrə indikatorlar qiymətləndirilir.