ADU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib

9 Dekabr, 2024 - 12:16

Azərbaycan Dillər Universitetində İngilis və fransız dilləri fakültəsinin dekanı dosent V.Babayeva, İngilis və alman dilləri fakültəsinin dekanı N.Camalzadənin təşəbbüsü və İngilis dilinin tədrisi metodikası kafedrasının müdiri, dosent Günay Şirəliyeva və Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Gülbəniz Camalovanın təşkilatçılığı ilə əmək bazarının nümayəndələri ilə görüş keçirilib.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, tədbirdə S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova, Nəsimi rayonu 35 nömrəli tam orta məktəbin, Yasamal rayonu 53 nömrəli tam orta məktəbin, Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin, Nərimanov rayonu 193 nömrəli tam orta məktəbin, Xəzər rayonu 262 nömrəli tam orta məktəbin, Bakı İstanbul Liseyinin, Binəqədi rayonu 217 nömrəli tam orta məktəbin, Nizami rayonu 220 nömrəli məktəb- liseyin, 132-134 nömrəli təhsil kompleksinin xarici dil müəllimləri iştirak ediblər.

Görüş zamanı əmək bazarının real tələbləri ilə müasir iş mühitində peşəkar bacarıqların əhəmiyyəti və işə qəbul meyarları müzakirə edilib. Eyni zamanda universitet məzunlarının əmək bazarının tələblərinə uyğunluğu, onların bilik və bacarıqlarının praktiki sahədə tətbiqi imkanları barədə fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları vurğulayıblar ki, əmək bazarında rəqabətqabiliyyətli olmaq üçün dil biliklərinin təkmilləşdirilməsi, innovativ təlim metodlarının mənimsənilməsi və şəxsi inkişaf mühüm əhəmiyyət daşıyır.

Universitet rəhbərliyi və təşkilatçılar bu cür görüşlərin tələbələrin karyera perspektivlərinin genişləndirilməsi və onların əmək bazarına hazırlıq səviyyəsinin artırılması baxımından xüsusi önəm daşıdığını qeyd ediblər.

Sonda tələbələr əmək bazarının nümayəndələrinə onları maraqlandıran sualları ünvanlayaraq faydalı tövsiyələr əldə ediblər.