Ağır çanta və yanlış oturuş: Uşağın onurğasını qorumağın vacib qaydaları

8 Oktyabr, 2026 - 17:57
Ağır çanta və yanlış oturuş: Uşağın onurğasını qorumağın

Məktəbəqədər və ibtidai sinif yaşlı uşaqlarda düzgün oturuş vərdişlərinin formalaşdırılması onların onurğa sütununun sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu yaş dövründə masa və stulun uşağın boyuna uyğun seçilməsi ilə yanaşı, məktəbli çantasının çəkisi və düzgün daşınması da diqqətdə saxlanılmalıdır. 

Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev “Azərbaycan müəllimi”nə bildirib ki, uşaqların böyümə və inkişaf dövründə ağır məktəb çantası daşıması sümük-əzələ sisteminə, xüsusilə onurğa sütununa ciddi zərər verə bilər.

Onun sözlərinə görə, uşaqların sümük və oynaqları elastik, orqanizm isə inkişaf mərhələsində olduğundan xarici fiziki təsirlərə daha həssasdır:

“Hər gün müntəzəm olaraq normadan artıq yük daşımaq bədənin təbii anatomik balansına mənfi təsir göstərir. Məktəb çantası ağır olduqda uşağın ağırlıq mərkəzi arxaya doğru sürüşür. Müvazinəti qorumaq üçün uşaq şüursuz şəkildə başını və çiyinlərini irəli əyir, belini isə qatlayır”.

“Ağır çantanın fiziki yükü yalnız onurğa ilə məhdudlaşmır”

İ.Şıxbabayev qeyd edib ki, bu vəziyyət fəqərələrarası disklərə düşən təzyiqi artırır və formalaşmaqda olan onurğa sütununda müxtəlif problemlərin yaranmasına səbəb ola bilər:

“Ən çox rast gəlinən problemlər onurğanın irəliyə doğru normadan artıq bükülməsi - kifoz və bel lordozunun pozulmasıdır. Çantanı tək çiyində daşımaq isə bədənin bir tərəfinə qeyri-bərabər yük salır və onurğanın yan tərəfə əyilməsinə, yəni funksional skolioza gətirib çıxara bilər. Uşaq çantanı hansı tərəfdə daşıyırsa, həmin tərəfin çiyin və bel əzələləri həddindən artıq gərilir, qarşı tərəf isə zəifləyir. Bu da çiyin səviyyələri arasında disbalans yaradır”.

Travmatoloq-ortopedin sözlərinə görə, ağır çantanın yaratdığı fiziki yük yalnız onurğa ilə məhdudlaşmır:

“Ağır çanta çiyin və boyun əzələlərində həddindən artıq fiziki yüklənmə yarada, bəzi hallarda xroniki əzələ ağrılarına səbəb ola bilər. Bədənin irəli əyilməsi döş qəfəsini sıxdığı üçün uşağın dərin nəfəs alması da çətinləşə bilər. Bu isə bədənin və beynin oksigenlə təminatına təsir göstərərək gün ərzində tez yorulmaya və diqqətin azalmasına yol aça bilər”.

“40 kiloqram çəkisi olan şagirdin çantası 4 kiloqramdan ağır olmamalıdır”

İ.Şıxbabayev bildirib ki, bu risklərin qarşısının alınması üçün məktəb çantasının çəkisi uşağın bədən çəkisinə uyğun seçilməlidir:

“Ümumdünya Səhiyyə Təşkilatının və pediatr-ortopedlərin ümumi qəbul etdiyi tibbi normaya əsasən, məktəb çantasının çəkisi uşağın bədən çəkisinin maksimum 10 faizini təşkil etməlidir. Müstəsna və məcburi hallarda bu hədd ən çox 15 faiz ola bilər. 15 faizdən artıq çəki isə ortopedik risk hesab olunur. Məsələn, 25 kiloqram çəkisi olan ibtidai sinif şagirdinin çantası bütün ləvazimatları ilə birlikdə 2,5 kiloqramdan, maksimum halda 3,7 kiloqramdan, 40 kiloqram çəkisi olan şagirdin çantası isə 4 kiloqramdan ağır olmamalıdır”.

Onun sözlərinə görə, yalnız çantanın çəkisinə deyil, quruluşuna, daşınma formasına və içindəki ləvazimatların yerləşdirilməsinə də diqqət yetirilməlidir:

“Çantanın arxa hissəsi ortopedik, bərk və belin təbii əyriliyinə uyğun xüsusi yastıqcıqlarla dəstəklənmiş olmalıdır. Çiyin asqıları enli, ən azı 4-5 santimetr, yumşaq və tənzimlənən olmalıdır. Çantanın alt hissəsi bel səviyyəsindən aşağı düşməməli, çanaq sümüyünün üzərində yerləşməlidir. Çanta hər iki çiyinə taxılmalı, sinə və bel kəmərləri varsa, bağlanmalıdır. Ən ağır kitablar bel nahiyəsinə yaxın olan arxa bölməyə, daha yüngül dəftər və qələmdanlar isə ön bölmələrə yerləşdirilməlidir”.

Düzgün oturuş üçün “üç 90 dərəcə” qaydası

İ.Şıxbabayev uşaqların masa və parta arxasında düzgün oturuşunun da onurğa sağlamlığı baxımından mühüm olduğunu bildirib:

“Düzgün oturuş onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Oturuş zamanı “üç 90 dərəcə” qaydasına riayət edilməlidir. Dirsəklər masa üzərində olduqda dirsək oynağı, çanaq-bel bucağı və diz oynaqları təxminən 90 dərəcə bükülməlidir. Uşağın ayaqları tam şəkildə yerə və ya xüsusi dayağa dəyməli, havada qalmamalıdır. Bel hissəsi stulun arxalığına söykənməli, kitab və ya dəftərlə göz arasında 30-35 santimetr məsafə saxlanılmalıdır”.

Mütəxəssis qeyd edib ki, masa və stulun uşağın boyuna uyğun seçilməsi də düzgün oturuşun əsas şərtlərindəndir:

“Uşağın boyuna uyğun olmayan masa və stuldan istifadə qamətin pozulmasına səbəb ola bilər. Əgər uşağın ayaqları yerə çatmırsa, mütləq xüsusi altlıqdan istifadə edilməlidir”.

Uşaqların oturuş zamanı yol verdiyi yanlış vərdişlər

Onun sözlərinə görə, valideynlər uşaqların oturuş zamanı yol verdiyi yanlış vərdişlərə də diqqət yetirməlidirlər:

“Uşağın ayaqlarını altına qatlayaraq oturması çanaq balansını poza və qan dövranını çətinləşdirə bilər. Çənəni ələ söykəyərək bir tərəfə əyilmək onurğanın yan tərəfə əyilməsinə səbəb ola bilər. Yazı yazarkən masa üzərinə həddindən artıq əyilmək isə boyun əzələlərinə gərginlik yaradır. 

Bundan əlavə, uşağın uzun müddət eyni vəziyyətdə oturmasının qarşısının alınması üçün fasilələrin verilməsi də vacibdir. Uşaqlar evdə uzun müddət masa arxasında dərs oxuyurlarsa, hər 40-50 dəqiqədən sonra 15-20 dəqiqəlik fasilə verməsi məsləhətdir”.