Ailə dəstəyi uşağın motivasiyasına necə təsir edir? – Valideynlərlə müzakirə 

12 Dekabr, 2025 - 11:01
Ailə dəstəyi uşağın motivasiyasına necə təsir edir? – Valideynlərlə müzakirə 
Ailə dəstəyi uşağın motivasiyasına necə təsir edir? – Valideynlərlə müzakirə 
Ailə dəstəyi uşağın motivasiyasına necə təsir edir? – Valideynlərlə müzakirə 
Ailə dəstəyi uşağın motivasiyasına necə təsir edir? – Valideynlərlə müzakirə 
Ailə dəstəyi uşağın motivasiyasına necə təsir edir? – Valideynlərlə müzakirə 
Ailə dəstəyi uşağın motivasiyasına necə təsir edir? – Valideynlərlə müzakirə 
Ailə dəstəyi uşağın motivasiyasına necə təsir edir? – Valideynlərlə müzakirə 
Ailə dəstəyi uşağın motivasiyasına necə təsir edir? – Valideynlərlə müzakirə 

Dekabrın 11-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Balakən, Zaqatala, Qax və Oğuz rayonlarında məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi, təhsil prosesinin keyfiyyətinin yaxşılaşdırılması və uşaqların hərtərəfli inkişafına dəstək məqsədilə “Gələcəyimizi birlikdə qururuq!” mövzusunda növbəti valideyn konfransları keçirilib. Şimal-qərb bölgəsini əhatə edən genişmiqyaslı tədbirlər 500-dən artıq valideynin iştirakı ilə müxtəlif mövzular üzrə paralel sessiyalarda davam edib. Rayonlarda keçirilən konfranslarda uşağın psixoloji və emosional inkişafı, təhsildə ailənin rolu, sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri, həmçinin tədris motivasiyasının gücləndirilməsi kimi müasir təlim prosesinin mühüm istiqamətləri müzakirə olunub.

Konfranslarda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, idarə müdir müavini Hafız Pənahov, İnzibati-Təşkilat Sektorunun müdiri Rauf Əsədov, rayon təhsil sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon komitələrinin nümayəndələri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tərbiyəçi-müəllimlər, psixoloqlar və digər iştirakçılar çıxış ediblər.
Zaqatala rayonunda “Uşağın psixoloji və emosional inkişafı” mövzusunda keçirilən konfransda Şəki-Zaqatala RTİ-nin müdiri Günay Mahmudova uşağın psixoloji rifahının onun akademik uğurunun bünövrəsi olduğunu vurğulayaraq bildirib ki, emosional zənginlik və sosial bacarıqların formalaşması məktəb və ailə arasında davamlı əməkdaşlıq tələb edir. O qeyd edib ki, öz hisslərini ifadə edə bilən, qərarvermə bacarıqları formalaşan, özünəinamı güclü olan uşaq həm məktəb mühitində, həm də sosial həyatda daha uğurlu olur. Psixoloji rifahı təmin olunmayan uşaq təhsildə davamlılıq göstərə bilmir və emosional yüklənmə nəticəsində öyrənməkdə çətinliklərlə qarşılaşır. Uşağın stresi idarə etməsi, dostluq münasibətləri qurması və öz davranışlarını tənzimləməsi yalnız sağlam psixoloji mühitdə mümkündür. Bu baxımdan valideynin uşağa diqqəti, müşahidəsi və müsbət münasibəti məktəbin pedaqoji fəaliyyətinə tamamlayıcı təsir göstərir.

Qax rayonunda keçirilən “Tədris motivasiyası və öyrənməyə marağın artırılması” mövzulu sessiyada Günay Mahmudova bu dəfə valideyn–müəllim–məktəb əməkdaşlığının rolu üzərində dayanaraq qeyd edib ki, motivasiya uşağın daxilindən doğan öyrənmə istəyi olsa da, onu formalaşdıran əsas qüvvə ailə və müəllimin birgə dəstəyidir. O bildirib ki, uşağın maraq dairəsinin düzgün müəyyən edilməsi, fərdi yanaşma metodlarının tətbiqi, nailiyyətlərin qeyd olunması və pozitiv geribildirim motivasiyanın gücləndirilməsində mühüm rol oynayır. Şagird özünü dəyərləndirilmiş hiss etdikdə, bacarığının tanındığını gördükdə öyrənməyə daha böyük həvəs göstərir. Günay Mahmudova valideynlərin məktəblə əməkdaşlığa daha fəal qoşulmasının, dərs prosesi ilə maraqlanmasının və övladlarına düzgün dəstək göstərməsinin motivasiya artımında həlledici faktor olduğunu vurğulayıb.

Balakən rayonunda təşkil edilən konfransda RTİ-nin müdir müavini Hafız Pənahov “Təhsildə ailənin rolu və əməkdaşlıq yolları” mövzusunda çıxış edərək bildirib ki, məktəb–ailə münasibətlərinin gücləndirilməsi təkcə öyrənmə keyfiyyətini artırmır, həm də uşağın davranış modellərinə və sosial həyata adaptasiyasına ciddi təsir göstərir. O vurğulayıb ki, ailə uşağın ilk təhsil mühitidir və bu mühitdə formalaşan münasibət, diqqət, tərbiyə, motivasiya və dəyərlər məktəbdəki davranışın əsasını təşkil edir. Hafız Pənahov qeyd edib ki, valideyn övladına yalnız nəzarət edən deyil, həm də onunla birgə öyrənən, onu müşahidə edən, yönləndirən və dəstəkləyən tərəf olmalıdır. Onun sözlərinə görə, ailə mühitində öyrənməyə dəyər verilmirsə, uşağın məktəbdə yüksək nəticə göstərməsi çətinləşir. Valideynlər evdə öyrənmə mühitinin yaradılmasına, uşağın maraqlarının düzgün istiqamətləndirilməsinə və emosional dəstəyin təmin olunmasına xüsusi diqqət yetirməlidirlər.

Oğuz rayonundakı konfrans isə uşaqların sağlam həyat tərzi və düzgün qidalanma vərdişlərinə həsr olunub. Şəki-Zaqatala RTİ-nin İnzibati-təşkilat sektorunun müdiri Rauf Əsədov çıxışında bildirib ki, uşağın fiziki sağlamlığı onun zehni fəaliyyətini, diqqətini, davranışını və ümumi tədris müvəffəqiyyətini birbaşa müəyyən edir. Sağlam qidalanma, balanslı menyu, gündəlik rejimin düzgün qurulması və idman fəaliyyətlərinin təşviqi uşağın həm fiziki, həm də psixoloji inkişafı üçün vacibdir. Rauf Əsədov valideynləri uşaqların qida rasionuna diqqət etməyə, şəkərli içkilərdən, fastfud tərkibli qidalardan uzaq durmağa, təbii məhsullara üstünlük verməyə çağırıb. O qeyd edib ki, sağlam həyat tərzi uşağın təhsil prosesinə diqqətli yanaşmasını, davranışının sabitliyini və öyrənməyə motivasiyasını da gücləndirir.
Konfransların hər birində valideynlərlə geniş müzakirələr aparılıb, onların sualları dinlənilib və mövzular üzrə praktik tövsiyələr təqdim edilib. Valideynlərin ən çox ünvanladığı suallar uşaqlarda diqqət dağınıqlığının səbəbləri, rəqəmsal asılılıqla mübarizə yolları, psixoloji gərginlik hallarında necə davranmalı olduqları, qidalanma rejiminin tədris nəticələrinə təsiri, həmçinin motivasiya zəifliyi ilə bağlı olub. Mütəxəssislər bu suallara praktik yanaşmalarla cavab verərək uşağın davranışında müşahidə edilən hər bir dəyişiklikdə məktəb və psixoloqla birlikdə fəaliyyət göstərməyin vacibliyini qeyd ediblər.

Valideyn konfranslarının əsas məqsədi məktəb və ailə arasında sosial, psixoloji və pedaqoji tərəfdaşlığı möhkəmləndirmək, valideynləri təhsil prosesinə sistemli şəkildə cəlb etmək, uşaqların sağlam, dayanıqlı, emosional baxımdan güclü şəkildə formalaşmasına dəstək verməkdən ibarətdir. Bu cür regional konfransların davamlı keçirilməsi həm müəllim–valideyn əməkdaşlığının gücləndirilməsinə, həm də bölgədə sağlam təhsil mühitinin formalaşmasına xidmət edir. Şimal-Qərb bölgəsində təşkil olunan tədbirlər göstərdi ki, təhsil yalnız məktəbdə deyil, ailə ilə birgə formalaşan geniş sosial sistemdir və bu sistemin güclənməsi uşaqların gələcəyini birgə qurmağın ən etibarlı yoludur.