Şəki-Zaqatalada 600 şagird PISA qiymətləndirməsinə cəlb olunub
Şəki-Zaqatala Regional Təhsil İdarəsi (RTİ) üzrə 09–15 yanvar tarixlərində “PISA for Schools” beynəlxalq qiymətləndirməsi uğurla təşkil olunub.
İdarədən “Azərbaycan müəllimi”nə verilən məlumata əsasən, qiymətləndirmədə RTİ üzrə seçilmiş 12 ümumtəhsil müəssisəsi iştirak edib. Prosesə ümumilikdə 600 şagird cəlb olunub. Onlardan 566 şagird qiymətləndirmədə faktiki iştirak edərək təqdim olunan tapşırıqları yerinə yetirib.
Bildirilib ki, qiymətləndirmə beynəlxalq tələblərə və müvafiq qaydalara uyğun şəkildə təşkil olunub. Qiymətləndirmə prosesinin şəffaf, sistemli və ardıcıl şəkildə aparılması üçün bütün zəruri təşkilati və texniki tədbirlər görülüb. Proses zamanı hər hansı texniki nasazlıq və ya prosedur pozuntusu qeydə alınmayıb.
Qeyd edək ki, “PISA for Schools” beynəlxalq qiymətləndirməsi şagirdlərin oxu savadlılığı, riyazi düşünmə və elmi biliklərdən istifadə bacarıqlarının ölçülməsinə xidmət edir. Bu qiymətləndirmə nəticələri məktəblərdə tədrisin keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin təhlili və təhsil prosesinin daha səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Əldə olunacaq nəticələr əsasında tədris prosesinin təkmilləşdirilməsi, müəllim və şagirdlərin inkişafına yönəlmiş əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.



