Azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərindən qəbul alıb
Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunu Fatimə Nəsibova dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, yüksək akademik göstəriciləri və məqsədyönlü hazırlığı ilə fərqlənən Fatimə Nəsibova Birləşmiş Krallıq, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanın universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil almaq hüququ qazanıb.
Fatimə Birləşmiş Krallığın Edinburq Universitetinin “Kimya mühəndisliyi”, Çinin Harbin Texnologiya İnstitutu və Zhejiang Texnologiya Universitetinin “Kimya mühəndisliyi” proqramlarına qəbul olunub.İstedadlı gəncimiz Türkiyənin Orta Doğu Texniki Universitetində “Kimya mühəndisliyi”, Bilkent Universitetində isə “Sənaye mühəndisliyi”, “İctimai əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə də təhsil almaq imkanı əldə edib.Şəki liseyinin məzunu həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Universitetindən “Kimya mühəndisliyi”, ölkəmizin ən nüfuzlu ali təhsil ocaqlarından biri sayılan ADA Universitetindən isə “Şəhərsalma” ixtisası üzrə də qəbul alıb.
O, qəbul aldığı proqramların bir çoxunda 60 faizə qədər təqaüd qazanaraq beynəlxalq səviyyədə rəqabətqabiliyyətli tələbə olduğunu nümayiş etdirib.Onun beynəlxalq və yerli imtahanlar üzrə nəticələri də yüksəkdir
Akademik uğurları ilə yanaşı, Fatimə Nəsibova orta təhsil illərində müxtəlif olimpiada və müsabiqələrdə qazandığı nailiyyətləri ilə də seçilib.
O, əldə etdiyi uğurlarının uzunmüddətli hazırlığın, davamlı zəhmətin və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirir:“Dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərdən qəbul almaq mənim üçün böyük sevinc və eyni zamanda məsuliyyətdir. Bu nəticəyə çatmaq üçün uzun müddət davamlı çalışmışam, müxtəlif imtahanlara, olimpiada və müsabiqələrdə iştirak etmişəm.Qarşıma çıxan çətinliklərə baxmayaraq, hədəfimə doğru inamla irəliləmişəm.Uğurlarımda müəllimlərimin rolu, ailəmin dəstəyi danılmazdır. Gələcəkdə seçəcəyim sahə üzrə yüksək bilik və bacarıqlar qazanaraq ölkəm üçün faydalı mütəxəssis olmaq istəyirəm”.




