Kaktusa bənzər külək turbini yaradıb enerji topladılar – Şagirdlərin uğuru 

11 Mart, 2026 - 09:45
Kaktusa bənzər külək turbini yaradıb enerji topladılar

Ölkədə məktəblilərin elmi araşdırma bacarıqlarının inkişafına xidmət edən respublika səviyyəli müsabiqələr gənclərin potensialını üzə çıxarmaq baxımından mühüm rol oynayır. Bu baxımdan “Sabahın alimləri” Respublika layihə müsabiqəsi də müxtəlif bölgələrdən olan şagirdlərin tədqiqat yönümlü ideyalarının təqdimatı üçün mühüm platforma hesab olunur. Müsabiqədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki təhsil müəssisələrinin şagirdləri də fəal iştirak ediblər.

Uğurlu iştirakçılar arasında Oğuz şəhər Emin Abdullayev adına Texniki-təbiət təmayüllü liseyinin şagirdləri də yer alıb. Elmi araşdırmalara maraqları ilə seçilən lisey şagirdləri müsabiqədə uğurla çıxış edərək gümüş medal qazanıblar.

“Azərbaycan müəllimi” qəzeti müsabiqədə iştirak edən şagirdlərlə həmsöhbət olub.

Liseyin 10 “A” sinif şagirdi Zəhra Məmmədzadə bildirir ki, elmə və müxtəlif fənlərə marağı onu ardıcıl şəkildə olimpiada və müsabiqələrdə iştirak etməyə həvəsləndirib. Onun sözlərinə görə, məktəb illərində qazandığı uğurlar daha böyük hədəflər qarşıya qoymasına səbəb olub: “7-ci sinifdə Respublika Fənn Müsabiqəsində fizika fənni üzrə iştirak etmişəm. Sonrakı illərdə Azərbaycan dili və ədəbiyyat fənlərinə marağım artdı və 8, 9 və 10-cu siniflərdə Respublika Fənn Olimpiadasında iştirak etdim. Zəfər olimpiadasında isə 8-ci sinifdə III, 9-cu sinifdə II yerə layiq görülmüşəm. Gələcəkdə III ixtisas qrupu üzrə təhsil almağı planlaşdırıram. Bununla yanaşı, müxtəlif sahələrə olan marağım məni “Sabahın alimləri” müsabiqəsində iştirak etməyə təşviq etdi. Bu layihə sayəsində yeni biliklər əldə etdim və düşünürəm ki, qazandığım təcrübə gələcək elmi fəaliyyətim üçün möhkəm zəmin yaradacaq”.

Liseyin digər şagirdi Xədicə İbrahimova da müsabiqədə iştirakın onun üçün əhəmiyyətli təcrübə olduğunu bildirib. O qeyd edib ki, bu kimi layihələr şagirdlərin elmi düşüncə tərzinin formalaşmasına böyük töhfə verir: ““Sabahın alimləri” müsabiqəsində iştirak etmək mənim üçün çox maraqlı və faydalı oldu. Layihə üzərində işləyərkən araşdırma aparmaq bacarıqlarımı inkişaf etdirdim və elmə marağım daha da artdı. Bu təcrübə gələcək planlarımı daha dəqiq müəyyənləşdirməyə kömək etdi”.

Xədicə İbrahimovanın sözlərinə görə, müsabiqədə təqdim etdiyi layihə “Kaktusdan ilhamlanmış ribli mast quruluşlu, titrəyiş əsaslı hibrid enerji yığan və ağıllı monitoring sistemli bıçaqsız külək turbini” adlanır. Layihənin əsas məqsədi külək enerjisindən daha təhlükəsiz və səmərəli şəkildə istifadə etməyə imkan verən alternativ enerji sistemi təqdim etməkdir.

“Layihə kaktusun təbiətdəki quruluşundan ilhamlanaraq hazırlanıb. Turbinin xüsusi ribli quruluşu küləyin təsiri ilə titrəyiş yaradır və bu titrəyişlər vasitəsilə enerji toplanır. Beləliklə, ənənəvi bıçaqlı külək turbinlərindən fərqli olaraq daha təhlükəsiz və innovativ enerji əldə etmə üsulu təklif olunur”, – deyə o bildirib.

Şagird əlavə edib ki, layihədə ağıllı monitoring sistemi də nəzərdə tutulub. Bu sistem vasitəsilə turbinin fəaliyyəti izlənilir, məlumatlar toplanır və enerjinin səmərəli idarə olunması təmin edilir. Layihə üzərində işləyərkən müxtəlif elmi mənbələrdən istifadə edərək araşdırmalar aparılıb, əldə olunan nəticələr analiz edilərək layihə formasında təqdim olunub.

Xədicə İbrahimova qeyd edib ki, layihənin hazırlanması prosesində mentor müəllimi Əfsanə Quliyevanın dəstəyi böyük rol oynayıb.

“Onun tövsiyələri və istiqamətləri sayəsində layihəni daha dərindən araşdırmaq və düzgün şəkildə hazırlamaq imkanı əldə etdim”, – deyə o bildirib.

Xədicə İbrahimova həmçinin Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə yarımfinal mərhələsinə yüksəldiyini də qeyd edib. Onun sözlərinə görə, bu uğur ona daha çox çalışmaq və yeni nailiyyətlər qazanmaq üçün motivasiya verib.

Şagird əlavə edib ki, boş vaxtlarında kitab oxumağı və müxtəlif sahələr üzrə araşdırmalar aparmağı sevir: “Xüsusilə biologiya və tibb sahəsinə marağım var. Gələcəkdə tibb sahəsində təhsil alaraq həkim olmaq istəyirəm. Əsas məqsədim insanlara kömək etmək, onların sağlamlığının qorunmasına töhfə vermək və cəmiyyət üçün faydalı bir mütəxəssis olmaqdır”.

Belə uğurlar bir daha təsdiqləyir ki, region məktəblərində formalaşan elmi mühit, müəllimlərin peşəkar dəstəyi və şagirdlərin yüksək motivasiyası gələcəkdə də yeni nailiyyətlərin əldə olunmasına zəmin yaradacaq. Şəki-Zaqatala regionunun istedadlı gəncləri ölkənin elmi və intellektual potensialının formalaşmasında mühüm rol oynamağa hazır olduqlarını artıq indidən nümayiş etdirirlər.