“İki sualım üzərində vaxt azlığından düşünə bilmədim” - Maksimumdan cüzi geri qalanlar
9 mart 2026-cı il tarixində keçirilən XI sinif buraxılış imtahanlarının nəticələri Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin bir sıra şagirdlərinin yüksək göstəriciləri ilə diqqət çəkib.
“Azərbaycan müəllimi” həmin şagirdlərlə həmsöhbət olub. Onların hər biri qazandığı nəticənin arxasında dayanan zəhmətdən, imtahan təəssüratlarından və gələcək planlarından danışıb.
Region üzrə ən yüksək nəticəni Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ şəhər Vahid Qəhrəmanov adına 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aylin Rəhimli əldə edib. Abituriyent buraxılış imtahanında 298 bal toplayaraq fərqlənib. O, uğurunun əsas səbəbini zəhmətdə gördüyünü bildirdi: “Uğurun sirri çox çalışmaqdır. Mən həmişə oxumağa ciddi yanaşmışam. Kitab mənim üçün sadəcə dərs vasitəsi olmayıb, həm də həyatımın bir hissəsinə çevrilib. Daim oxumağa, öyrənməyə çalışmışam. Hesab edirəm ki, insan zəhmət çəkirsə, qarşılığını mütləq alır. Gələcəkdə hüquqşünas olmaq istədiyini bildirən Aylinin hədəfi bu sahə üzrə təhsil almaqdır”.
Aylinlə eyni məktəbdə təhsil alan digər uğurlu məzun Fatimə Məmmədovadə buraxılış imtahanında yüksək nəticə göstərərək 290 bal toplayıb. Fatimə gələcək planlarından danışarkən IV ixtisas qrupunu seçdiyini bildirdi. O, söhbət zamanı bu sözləri dedi: “Mən 4-cü qrupu seçirəm. Xəyallarımdan biri həkim olmaq və çətin vəziyyətdə olan insanların əlindən tutmaqdır. İnsan bədəni, onun yaradılışı və sağlamlıqla bağlı mövzular mənə həmişə çox maraqlı gəlib. Buna görə də özümü bu sahədə görür və gələcəkdə tibb istiqamətində təhsil almaq istəyirəm”.
Yüksək nəticə göstərən şagirdlərdən biri də Şəki şəhər Fizika, Riyaziyyat və Humanitar Fənlər Təmayüllü Liseyin XI sinif şagirdi Lətifli Zəhradır. O, buraxılış imtahanında 295 bal toplayıb. Zəhra bizimlə söhbətində imtahanın onun üçün ən çətin tərəfinin vaxt məhdudiyyəti olduğunu vurğuladı: “Düzdür, imtahanda çətinlik çox idi, amma mənə görə ən böyük problem vaxt qıtlığı oldu. Suallar vaxt aparan idi. İki sualımın üzərində də məhz vaxt azlığına görə çox düşünə bilmədim. Mən birinci sinifdən bu liseydə təhsil alıram. 3-cü qrupa hazırlaşıram. Beş yaşımdan bəri arzum prokuror olmaqdır. Hələlik hansı universiteti seçəcəyimə qərar verməmişəm, nəticəmə uyğun seçim edəcəyəm. Amma məqsədim hüquq sahəsidir və gələcəkdə hüquqşünas kimi fəaliyyət göstərmək istəyirəm”.
Şəki şəhəri Fizika, riyaziyyat və humanitar fənlər təmayüllü liseyin şagirdi Zəhra Lətifli buraxılış imtahanında mümkün 300 baldan 295-ni toplayaraq yüksək nəticə göstərib.
Onun sözlərinə görə, imtahanda əsas çətinlik sualların mürəkkəbliyindən daha çox vaxtın məhdud olması ilə bağlı olub:
“Düzdür, çətinlik çox idi, amma, mənə görə, vaxt qıtlığı daha çox problem oldu. Çünki suallar vaxt aparan idi. İki sualım üzərində də məhz vaxt məhdudiyyətinə görə çox düşünə bilmədim”.
Zəhra bildirib ki, o, birinci sinifdən Şəki şəhəri Fizika, riyaziyyat və humanitar fənlər təmayüllü liseydə təhsil alır. Məktəb illəri ərzində formalaşan məqsədyönlülük, davamlı hazırlıq və qarşısına qoyduğu aydın hədəf onun bu uğurunda mühüm rol oynayıb. Hazırda III qrup üzrə ali məktəbə hazırlaşan məzun gələcək peşə seçimi ilə bağlı da qəti mövqeyini bölüşüb:
“Mən 5 yaşımdan prokuror olmağı arzulayıram. Hələlik universitet olaraq seçim etməmişəm. Nəticəmə uyğun seçim edəcəyəm. Amma tək məqsədim hüquq təhsili almaqdır. Gələcəkdə də hüquqşünas kimi fəaliyyət göstərməyi düşünürəm”.
Oğuz rayon Əmrah Nəbiyev adına Tərkeş kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Amin Məmmədov isə buraxılış imtahanında 292 bal toplayıb. Amin həm imtahan nəticəsi, həm də digər nailiyyətləri ilə diqqət çəkən məktəblilərdəndir: “Buraxılış imtahanında 292 bal toplamışam. 4-cü ixtisas qrupuna hazırlaşıram. Mən olimpiadaların və fənn müsabiqəsinin gümüş medalçısıyam, həmçinin “Əlaçı” televiziya verilişinin qalibi olmuşam. Şahmata, idmana və musiqiyə böyük marağım var. Məncə, bu maraqlar insanın dünyagörüşünü genişləndirir və dərslərdə də daha məqsədli olmağa kömək edir”.
Şəki şəhər 5 nömrəli tam orta məktəbin yetirməsi Turan İlyasov da buraxılış imtahanında 295 bal toplayaraq uğurlu nəticə göstərən məzunlar sırasında yer alıb. Turan gələcək təhsil planlarını bizimlə bölüşərək bildirdi: “Təhsilimi Bakı Ali Neft Məktəbində Kompüter Elmləri ixtisası üzrə davam etdirməyi düşünürəm. Yüksək nəticə göstərməyimin sirrini planlı və proqramlı şəkildə, davamlı dərs oxumaqda görürəm”.
Həmsöhbət olduğumuz şagirdlərin fikirlərindən aydın görünür ki, onların hər biri qarşısına konkret məqsəd qoyub və həmin məqsədə doğru ciddi hazırlıqla irəliləyir. Hüquq, tibb, kompüter elmləri kimi müxtəlif sahələrə yönələn bu gəncləri birləşdirən əsas cəhət zəhmətə inam, oxumağa maraq və gələcəyə məsuliyyətli yanaşmadır.
Bu uğurlar yalnız ayrı-ayrı şagirdlərin fərdi nailiyyəti kimi deyil, eyni zamanda məktəbin, müəllimin, ailənin və ümumilikdə bölgədə formalaşan sağlam təhsil mühitinin nəticəsi kimi dəyərləndirilməlidir. Şəki-Zaqatala təhsilinin bu istedadlı yetirmələri göstərirlər ki, məqsədli hazırlıq və davamlı əmək sayəsində region məktəblərində də çox yüksək nəticələr əldə etmək mümkündür.
Aylin, Fatimə, Zəhra, Amin və Turan kimi gənclərin uğur yolu həm yaşıdları üçün stimul, həm də təhsil ictimaiyyəti üçün qürur mənbəyidir. Onların bugünkü nəticələri sabahın savadlı hüquqşünası, həkimi, texnologiya mütəxəssisi və vətəndaşı kimi formalaşacaqlarına ümidləri daha da artırır. Şəki-Zaqatala bölgəsinin bu parlaq məzunlarının gələcəkdə daha böyük uğurlara imza atacaqlarına inam böyükdür.



