“Rəqəmsal gələcəyə birgə baxış” beynəlxalq təlim proqramı yekunlaşıb

16 Yanvar, 2026 - 17:12
“Rəqəmsal gələcəyə birgə baxış” beynəlxalq təlim proqramı yekunlaşıb

UNEC-in Zaqatala filialı və İsparta Tətbiqi Elmlər Universitetinin birgə “Rəqəmsal gələcəyə birgə baxış” beynəlxalq onlayn təlim proqramı uğurla başa çatıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, sözügedən proqram Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialı ilə Türkiyənin İsparta Tətbiqi Elmlər Universiteti arasında 19 fevral 2024-cü il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, memorandum iki ali təhsil müəssisəsi arasında birgə təhsil layihələrinin icrası, akademik heyət və tələbə mübadiləsi, birgə elmi tədqiqatlar və nəşrlər, beynəlxalq təlim proqramlarının təşkili, eləcə də rəqəmsallaşma və müasir iqtisadiyyat istiqamətlərində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. “Rəqəmsal gələcəyə birgə baxış” proqramı bu memorandumun ilk praktik və uğurlu tətbiqi kimi dəyərləndirilir.

Proqram hər iki universitetin müəllim və tələbə heyəti üçün nəzərdə tutulub və "Zoom" platforması üzərindən təşkil olunub. Təlim 6 əsas mövzunu əhatə edən, ümumilikdə 9 saatlıq dərsdən ibarət olub. Hər bir sessiya 1 saatlıq mühazirə və 30 dəqiqəlik interaktiv müzakirə və sual-cavab formatında keçirilib.

Təlim proqramının ilk üç sessiyası UNEC Zaqatala filialının müəllim heyəti və yerli ekspertlər tərəfindən 8, 10 və 12 dekabr 2025-ci il tarixlərində, növbəti üç sessiya isə Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinin professor-müəllim heyəti tərəfindən 15, 17 və 19 dekabr 2025-ci il tarixlərində təqdim olunub.

Proqram aşağıdakı altı modul üzrə təşkil edilib:
 1. Rəqəmsallaşmanın əsas anlayışları;
 2. Rəqəmsal biznes və platforma modelləri;
 3. Startap ekosistemi və rəqəmsal sahibkarlıq;
 4. Rəqəmsal ödəniş sistemləri və kriptovalyutalar;
 5. Verilənlər əsaslı idarəetmə və süni intellekt;
 6. Rəqəmsal transformasiya və gələcəyin peşələri.

“Rəqəmsallaşmanın əsas anlayışları” mövzusunda ilk təlim 8 dekabr 2025-ci il tarixində UNEC Zaqatala filialının İqtisadiyyat və idarəetmə bölməsinin müəllimi Əsmər İbrahimli tərəfindən aparılıb. Təlimdə rəqəmsal iqtisadiyyatın mahiyyəti, formalaşma mərhələləri, klassik iqtisadi modellərdən fərqli cəhətləri, həmçinin rəqəmsallaşmanın istehsal, xidmət, idarəetmə və əmək bazarına təsiri geniş şəkildə izah edilib.

“Rəqəmsal biznes və platforma modelləri” mövzusunda ikinci təlim 10 dekabr 2025-ci il tarixində UNEC Zaqatala filialının məzunu, "Zəngəzur Harmony Wellness Resort"un "Front Office" meneceri Aqil Rəcəbov tərəfindən keçirilib. Sessiyada "Uber", "Airbnb" və "Amazon" kimi qlobal platformaların biznes modelləri, şəbəkə effekti və dəyər yaradılması mexanizmləri real nümunələr əsasında təhlil olunub.

“Startap ekosistemi və rəqəmsal sahibkarlıq” mövzusunda üçüncü təlim 12 dekabr 2025-ci il tarixində Enterprise Azerbaijan portalının rəhbəri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi İsa Qasımov tərəfindən aparılıb. Təlimdə startap anlayışı, ideyadan məhsula gedən yol, investor münasibətləri, maliyyələşmə mərhələləri, “pitch-deck” hazırlanması və MVP anlayışı üzrə praktik biliklər təqdim olunub.

Dördüncü təlim – “Rəqəmsal ödəniş sistemləri və kriptovalyutalar” mövzusunda 15 dekabr 2025-ci il tarixində İsparta Tətbiqi Elmlər Universitetinin Mühasibatlıq və maliyyə idarəetməsi bölməsinin rəhbəri Dr. Öğr. Üyesi İrfan Sektioğlu tərəfindən keçirilib. Təlimdə FinTech, kriptovalyutaların iqtisadi mahiyyəti, bankçılıq sisteminə təsiri və tənzimləmə mexanizmləri beynəlxalq təcrübə əsasında izah edilib.

Beşinci təlim – “Verilənlər əsaslı idarəetmə və süni intellekt” mövzusu üzrə 17 dekabr 2025-ci il tarixində Bankçılıq və sığorta bölməsinin rəhbəri Doç. Dr. Musa Öztürk tərəfindən aparılıb. Sessiyada Big Data-nın idarəetmədə rolu, süni intellektin qərarvermə proseslərinə təsiri və avtomatlaşdırılmış analitika sistemləri müzakirə olunub.

Yekun təlim – “Rəqəmsal transformasiya və gələcəyin peşələri” mövzusunda isə 19 dekabr 2025-ci il tarixində Beynəlxalq ticarət və biznesin idarəedilməsi bölməsinin rəhbəri Doç. Dr. Mehmet Yeyit tərəfindən keçirilib. Təlimdə rəqəmsal transformasiyanın əmək bazarına təsiri, yeni peşə standartları, avtomatlaşma, distant iş modelləri və ömürboyu təhsil anlayışı geniş şəkildə izah olunub.

Proqram boyunca moderator qismində Ramella Mahmatebinova çıxış edib. O, təlimlərin strukturlaşdırılması, spikerlərin təqdimatı və iştirakçıların fəal cəlb olunmasını təmin etməklə interaktiv mühitin formalaşmasına mühüm töhfə verib.

Təlim proqramında ümumilikdə 270 nəfərdən ibarət müəllim və tələbə heyəti iştirak edib. Proqram yalnız bilik ötürülməsi ilə məhdudlaşmayaraq, iştirakçıların analitik düşünmə bacarıqlarının inkişafına, rəqəmsal kompetensiyaların formalaşdırılmasına və beynəlxalq şəbəkələşmə imkanlarının genişlənməsinə xidmət edib.

Təlimin sonunda bütün sessiyalarda uğurla iştirak etmiş dinləyicilərə UNEC Zaqatala filialı və İsparta Tətbiqi Elmlər Universiteti tərəfindən birgə təsdiqlənmiş sertifikatların təqdim olunması nəzərdə tutulur.

Proqramın yekununda "Google Forms" əsasında keçirilmiş sorğunun nəticələri iştirakçı məmnuniyyətinin yüksək olduğunu göstərib. Respondentlər təlimlərin peşəkar səviyyədə təşkili, praktik yönümlü məzmunu və beynəlxalq spikerlərin çıxışlarını xüsusi qeyd edərək, bu tip proqramların davamlı keçirilməsini arzuladıqlarını bildiriblər.

“Rəqəmsal gələcəyə birgə baxış” beynəlxalq təlim proqramı yekunlaşıb
“Rəqəmsal gələcəyə birgə baxış” beynəlxalq təlim proqramı yekunlaşıb
“Rəqəmsal gələcəyə birgə baxış” beynəlxalq təlim proqramı yekunlaşıb
“Rəqəmsal gələcəyə birgə baxış” beynəlxalq təlim proqramı yekunlaşıb