Yeni modellə 96 faiz nəticə – Şəki məktəbinin uğuru
2024–2025-ci tədris ilindən etibarən Azərbaycanın beş müxtəlif bölgəsində yeni təmayül tədris modeli üzrə məktəblər fəaliyyətə başlayıb. Belə məktəblərdən biri də Şəki şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbidir. Bu təhsil ocağını ilk məzunları 96 faiz yüksək nəticə ilə ali məktəblərə qəbul olunub.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, yeni təmayül tədris modelinin tətbiq olunduğu 6 nömrəli tam orta məktəbin 118 məzunundan hamısı tələbə adını qazanıb. Sonradan məzunlardan 3 nəfəri valideynlərin razılığı ilə növbəti ildə daha yüksək nəticə və yerlər uğrunda mübarizə üçün ali məktəblərə sənəd verməyib.
Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bu il tələbə adını qazanan məzunlar son hazırlıqlarını görür. Hər kəs illərlə arzuladığı, seçdiyi ixtisaslar üzrə müxtəlif rayonlarda yerləşən ali məktəblərə yola düşəcək. Məzunlar bu münasibətlə məktəbdə bir araya gəlir, müəlimləri ilə görüşür, sinif yoldaşları ilə fikir mübadiləsi aparırlar. Elm və Təhsil Nazirliyinin layihəsi əsasında təşkil edilən məktəbdə təlim və tərbiyə ilə yanaşı, tədrisin keyfiyyətin təşkilinin çox ciddi səy və bacarıq tələb etdiyi kimsəyə sirr deyil. İki il ərzində çətin bir şəraitdə tədrisə başlayan kollektiv bu gün ölkə birincisi və rekordçusu kimi çox sevincli və qürurludur.
Məktəbin direktoru Elçin Əlibalayev deyir ki, burada şagirdlərin təhsili yalnız ali məktəb və qəbul proqramı əsasında aparılır. “Bu il üçün bizim ilk məzunlarımız artıq universitetlərə qəbul olunublar. 118 şagirdimiz orta məktəbdən məzun olub. 118 şagirdin hər biri universitetlərə seçim turuna buraxılıblar. Həmin şagirdlərimiz Azərbaycanın müxtəlif bölgələrində ali məktəblərə qəbul olunub. Bizim üçün sevindirici haldır ki, şagirdlərimizdən 10 nəfəri Qarabağ Universitetinin tələbəsidir”, - deyə direktorbildirib. Əlavə edib ki, şagirdlərdən 2 nəfər ADA Universitetinə yüksək nəticə ilə qəbul olunub. Onlardan biri - Arif Qədirov isə ölkə üzrə ilk onluqda yer alır.
Məktəbin müəllimləri ilə söhbət əsnasında öyrənirik ki, yeni model şagirdlərin daha məqsədyönlü və hərtərəfli inkişafını dəstəkləyən müasir tədris yanaşması üzərində qurulub. Belə ki, model çərçivəsində akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti yaradılır, abituriyent hazırlığı sistemli şəkildə və ödənişsiz təşkil olunur, şagirdlərin bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi məqsədilə aylıq sınaq imtahanları keçirilir.
Məktəbin fəaliyyətə başladığı ilk gündən müsahibə yolu ilə riyaziyyat müəllimi seçilən və ilk məzunların uğurunda böyük payı olan pedaqoqlardan biri də Elşən Əsgərovdur. Elşən müəllim məktəbin fəaliyyətini belə dəyərləndirir: “2024-cü ildə bu layihə başlayanda şagird və valideynlərimizlə birlikdə məktəbin uğur qazanacağına fərqli bir inamımız var idi. Əsas məqsədimiz şagirdlərin əlavə hazırlıqlara getmədən, fərdi məşğələlərlə yüklənmədən və digər fənlərdən əqli cəhətdən yorulmadan məhz məktəb səviyyəsində imtahanlara tam hazırlaşması idi. Biz buna nail olmağı bacardıq”.
Təcrübəli müəllim onu da əlavə edir ki, bu təhsil ocağında akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarını inkişaf etdirən dərnəklər də təşkil olunur. Tətbiq edilən təmayül tədris modeli yalnız yüksək imtahan nəticələrinin əldə olunmasına deyil, hər bir şagirdin daxili potensialının üzə çıxarılmasına, onun müstəqil düşünmə, sosiallaşma və liderlik bacarıqlarının formalaşmasına xidmət edir.
Məktəbin məzunlarından 10 nəfər Qarabağ Universitetinin müxtəlif fakültələrini seçiblər. Onlardan biri də İlahə Kərimlidir. İlahə Qarabağ Universitetində “İngilis dili” müəllimliyi ixtisasına dövlət sifarişi əsasında qəbul olunub. Əldə etdiyi uğurlara görə valideyn və müəllimlərinə minnətdarlığını bildirən İlahə əlavə edir ki, bu məktəb modeli olmasaydı, əlavə müəllim yanına getməli və xeyli vəsait xərcləməli idi. Lakin 6 nömrəli məktəb fəaliyyətə başlayanda əvvəlki ilin nəticələri yüksək olduğundan müsabiqəyə qatılır və seçimlərdən uğurla keçərək X və XI sinifləri burada yeni təhsil modeli ilə təmayül sinifdə oxuyur. Nəticəsi isə göz qabağındadır.
Layihənin başlıca məqsədi şagirdlərin gələcək təhsil və karyera seçimlərinə daha hazırlıqlı olmaları, eyni zamanda, öz potensiallarını daha geniş şəkildə reallaşdırmalarına şərait yaratmaqdır. Nihat Məmmədli də bu məqsədlə yola çıxıb və iki il əlavə xərc çəkmədən bu təhsil ocağında oxumaqla yüksək bal toplayaraq Qarabağ Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olunub. Nihat Qarabağ Universitetini seçməkdə məqsədi yenilənən, dirçələn Qarabağda qalaraq işləmək, dövlətinə xidmət etməkdir.
Məzunları göstərdikləri yüksək nəticələrə görə təbrik edib ayrılarkən məktəbin direktoru Elçin Əlibalayev bildirir ki, qarşıdakı tədris ilində məktəbdə təhsil almaq istəyənləri sayı xeyli artıb. Növbəti ildə onların sayının iki dəfə çox olacağı indidən bilinir.
Qeyd edək ki, bu il yeni təmayül tədris modeli Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən şəhər Zərifə Əliyeva adına 3 nömrəli, Qax şəhər 3 nömrəli, Zaqatala şəhər 5 nömrəli və Qəbələ şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəblərində də tətbiq olunacaq.




