Ailədə cəza deyil, intizam və qaydalar olmalıdır - Psixoloq
Uşaqlarda müşahidə olunan davranış pozuntuları çox zaman ailə mühitində formalaşan yanlış yanaşmalarla bağlı olur. Mütəxəssislər bildirirlər ki, bu dəyişikliklərin kökündə emosional ehtiyacların vaxtında qarşılanmaması dayanır.
Davranış dəyişiklikləri haradan başlayır?
Gəncə şəhər V.Veysəlov adına 30 nömrəli tam orta məktəbin psixoloqu Rəna Seyidova “Azərbaycan müəllimi”nə açıqlamasında davranış problemlərinin ilkin mərhələsinin erkən yaşlardan başladığını vurğulayır: “Davranış dəyişikliklərinə səbəb olan əsas amillərdən biri uşağa kiçik yaşlardan “olmaz” anlayışının düzgün formalaşdırılmamasıdır. Valideyn “olmaz” dediyi bir davranışı uşağın ağlaması və təkidi ilə “olar”a çevirirsə, uşaq istədiyini əldə etməyin yolunu öyrənir”.
Psixoloqun sözlərinə görə, bu yanaşma 3–4 yaşlardan etibarən israrçılıq, əsəbilik və aqressiv davranışların formalaşmasına zəmin yaradır.
Aqressiv davranışların arxasında nə dayanır?
Rəna Seyidova bildirir ki, uşaqlarda aqressiyanın yaranmasının səbəbləri müxtəlifdir və təkcə məktəblə əlaqələndirilə bilməz: “Ailədə aqressiv birinin olması, uşağın diqqət və sevgidən məhrum qalması aqressiv davranışların əsas səbəblərindəndir. Valideynin gün boyu evdə olması uşağa sevgi göstərilməsi demək deyil. Uşağa sevgi onun səsini, ehtiyacını və duyğularını eşitməkdir”. Psixoloqun fikrincə, bəzi hallarda valideynlər davranış pozuntusu ilə adi səhvi qarışdırırlar: “Təkrarlanan, zərər verən davranışlar zamanı uşaq peşmançılıq hissi keçirmirsə, bu, artıq adi səhv deyil, davranış pozuntusu əlamətidir. Bu zaman psixoloq, müəllim və valideyn birgə müdaxilə etməlidir”. O əlavə edir ki, davranış pozuntuları çətin aradan qalxan problemlərdir və zaman, səbr və davamlı dəstək tələb edir.
Cəza yox, qayda və intizam
Rəna Seyidova ailədə tərbiyə üsulları ilə bağlı vacib məqama da diqqət çəkir: “Ailədə cəza deyil, intizam və qayda olmalıdır. Uşağa qaydalara əməl etmək öyrədilməlidir. Davranışı cəza ilə deyil, düzgün istiqamətləndirmə ilə korrektə etmək mümkündür”.
Konstruktiv yanaşma nə deməkdir?
Psixoloq konstruktiv yanaşmanın mahiyyətini belə izah edir: “Konstruktiv yanaşma davranışın altındakı səbəbi və ehtiyacı tapmaqdır. Uşağı damğalamadan, cəza vermədən davranışı korrektə etməkdir. Biz uşağa deməliyik ki, sən yaxşı uşaqsan, sadəcə düzəldilməli davranışların var”.
Valideyn mövqeyi: əməkdaşlıq vacibdir
Gəncə şəhər V.Veysəlov adına 30 nöməli tam orta məktəbin 7 “B” sinif şagirdi Nübarın valideyni, ehtiyatda olan zabit, müharibə veteranı Natiq İsmayılov davranış problemlərinin həllində məktəb–ailə əməkdaşlığının rolunu xüsusi vurğulayır: “Valideyn kimi düşünürəm ki, məktəblə əməkdaşlıq uşağımın davranış problemlərinin həllində çox böyük rol oynayır. Uşaq evdə və məktəbdə fərqli mühitdə olur və hər iki tərəfin müşahidələri birləşəndə problemi daha düzgün anlamaq mümkün olur”.
Onun sözlərinə görə, müəllimlərin verdiyi məlumatlar valideynlərin evdə daha düzgün yanaşma seçməsinə kömək edir.
Valideynin əsas rolu nədir?
Natiq İsmayılov hesab edir ki, davranış problemlərinə yanaşmada cəza əsas vasitə olmamalıdır:
“Məncə, valideynin əsas rolu uşağı dinləmək, ona anlayışla yanaşmaq və emosional dəstək verməkdir. Davranış problemlərini cəza ilə deyil, səbəblərini araşdıraraq həll etmək daha doğrudur”. O, məktəblə ünsiyyətin yalnız valideyn iclasları ilə məhdudlaşmamasının vacibliyini də qeyd edir: “Daha operativ məlumatlandırma, fərdi görüşlər və psixoloq dəstəyi valideyn üçün çox önəmlidir”.
Davamlı dəstək və maarifləndirmə
Davranış pozuntularının qarşısının alınmasında maarifləndirmə, qarşılıqlı etimad və davamlı əməkdaşlıq əsas şərtdir. Bunu əsas götürərək Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Davranış pozuntuları və konstruktiv yanaşmalar” mövzusunda təşkil olunan məktəb–valideyn konfransında uşaqların davranışlarında müşahidə olunan dəyişikliklərin səbəblərinin düzgün müəyyən edilməsi və problemin kökündən həllinin vacibliyi vurğulanıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov məktəb-valideyn-psixoloq əməkdaşlığının daha da gücləndirilməsinin, preventiv yanaşmaların tətbiqinin və məktəbdaxili psixoloji dəstək mexanizmlərinin inkişaf etdirilməsinin önəmini qeyd edib.
Valideyn konfranslarının məqsədi məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirməklə uşaqların hərtərəfli inkişafını təmin etmək, valideynlərin təhsil prosesinə sistemli şəkildə cəlb olunmasını təşviq etmək və məktəb–ailə tərəfdaşlığını möhkəmləndirməkdən ibarətdir.


