Akademik nəticələr tədrisdə tətbiq edilməlidir – Deputat
“Prezidentin çıxışı elmi və təhsil ictimaiyyəti üçün proqram xarakteri daşıyır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində etdiyi çıxışa münasibət bildirərkən səsləndirib.
Deputatın sözlərinə görə, Prezidentin çıxışı proqram xarakteri daşıyır və yeni reallıqlar şəraitində xalqımızın qarşısında duran çağırışların akademik əsaslarla fəaliyyət proqramına çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Hikmət Babaoğlu bildirib ki, dövlət başçısı bir sıra aktual məsələlərə toxunub. Bunlardan biri tariximizin, toponimlərimizin öyrənilməsi, milli yaddaşın qorunması və ortaq milli tarixi təfəkkürün formalaşdırılması istiqamətində atılmalı addımlarla bağlıdır. Prezident, həmçinin, Azərbaycanın sərhədlərindən kənarda yaşayan azərbaycanlıların tarixinin də milli tariximizin ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Deputat qeyd edib ki, tarixi təfəkkürün bütövlüyü üçün tarixi coğrafiyamızın tam şəkildə öyrənilməsi və tətbiqi vacibdir. “Uzun illər ərzində Azərbaycanın müstəqil iradəsindən kənarda qalan ərazilərdə tariximiz, toponimlərimiz və hidronimlərimiz saxtalaşdırılıb. Onların elmi əsaslarla yenidən araşdırılması zəruridir”, – deyə Hikmət Babaoğlu bildirib.
Onun sözlərinə görə, Prezident həm də hazırda həmin ərazilərdə azərbaycanlıların yaşamaması faktını xatırladaraq, “qayıdış” məsələsini yenidən gündəmə gətirib və bu coğrafiyaların tarixinin də dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.
“Azərbaycan Prezidentinin çıxışında iki əsas məqsəd ön plana çıxır. Birincisi, ümummilli təfəkkürümüzdə tarixi bilgilərin yenilənməsi və milli düşüncəmizin bütövlüyü naminə tariximizin öyrənilməsi və tədrisinin gücləndirilməsidir. İkincisi, dövlət sərhədlərimizdən kənardakı tarixi-coğrafi ərazilərimizə aid tarixin elmi şəkildə öyrənilməsidir”, – deyə deputat əlavə edib.
Onun fikrincə, bu çağırışlar həm akademik elmi dairələr, həm də təhsil və maarif sistemimiz qarşısında yeni vəzifələr müəyyənləşdirir. Akademik tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqi, ictimai-populyar vasitələrlə maarifləndirmənin aparılması, kitab və broşürlərin hazırlanması vacib istiqamətlərdəndir.
“Əminik ki, müvafiq qurumlar bu vəzifələrin öhdəsindən gələcək və qısa müddətdə bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirəcəklər”, – deyə Hikmət Babaoğlu vurğulayıb.


