Ali məktəblərdə dərslər 10.00-da başlasın - TƏKLİF 

31 Yanvar, 2025 - 15:34
Ali məktəblərdə dərslər 10.00-da başlasın - TƏKLİF 
Ali məktəblərdə dərslər 10.00-da başlasın - TƏKLİF 

"Bir çox ali təhsil müəssisələri tədrisə 08:30-da başladığına görə istər dövlət, istərsə də özəl sektordakı iş saatları ilə üst-üstə düşür. Bu da istər-istəməz sıxlıq yaradır”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında dünən Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı danışarkən təhsil eksperti Ramin Nurəliyev deyib.

O bildirib ki, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığını azaltmaq üçün ali təhsil müəssisələrinin iş saatlarının dəyişdirilməsi labüddür:

“Orta məktəblərdə dərslər saat 8-də başladığı üçün bu aktivlik 7:30-dan 8-ə qədər müşahidə olunur və bu da sıxlığa təsir etmir. Amma hesab edirəm ki, ali təhsil müəssisələrində dərsin başlaması saatını dəyişmək çox vacibdir. Hesab edirəm ki, universitetlərdə dərslərin başlama saatının 10-a keçirilməsi müəyyən qədər nəqliyyat sıxlığını azaltmağa kömək edəcək."

Ekspertin sözlərinə görə, orta məktəblərin dərsləri saat 8-də, ali təhsil müəssisələrində isə dərslər bir qədər gec başlayarsa, bu, sıxlığı azalda bilər.