Ali təhsil almaq məqsəd yox, status simvoluna çevrilib - Nazir

15 Dekabr, 2025 - 23:37
Ali təhsil almaq məqsəd yox, status simvoluna çevrilib - Nazir

“Pilot olaraq tətbiq olunan “Tam orta təhsil” layihəsi 10-11-ci siniflərdə ali məktəbə hazırlığı təmin edir. Layihə bir neçə bölgədə fəaliyyətə başlayıb. Yanvar ayından etibarən layihə ilə bağlı ictimaiyyətə daha detallı məlumat verəcəyik”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev REAL TV-də yayımlanan "Vacib Sual" verilişində səsləndirib. 

Nazir bildirib ki, cəmiyyətimizdə ali təhsil almaq bəzən məqsəd yox, bir status simvoluna çevrilib:

“Hər kəs elə düşünür ki, mütləq ali təhsil almalıdır. Buna görə də hər yolla məktəbdən kənar əlavə dəstəyə — repetitorluğa üz tutulur ki, ali təhsil alsın. Bu isə bizi əslində dəyərli olan bilik və davranışlardan uzaqlaşdırır.

Tam orta təhsil mərhələsi (10-11-ci siniflər) əgər yalnız ali təhsil üçün hazırlıq mərhələsinə çevrilibsə və ikinci alternativlər, yəni fənlərin daha dərindən öyrənilməsi, bilik və bacarıqların artırılması kənarda qalırsa, bu, təbii ki, problemdir. Valideynlər üçün bu siniflərdə təhsil almaq həm də maddi yükə çevrilir, çünki repetitorlara müraciət olunur. Əgər cəmiyyət olaraq qərar veririksə ki, 10-11-ci siniflərin məqsədi yalnız ali məktəbə qəbul üçün hazırlıqdır, o zaman bu təhsil mərhələsini bu məqsədə uyğun şəkildə dizayn etməliyik. Amma bu, ideal model deyil. Daha düzgün olan, bu hazırlığın məktəbin öz daxilində, sistemli şəkildə həyata keçirilməsidir. Əgər valideyn istəmirsə, övladını özəl hazılıq kurslarına da qoya bilər. Bu onun hüququdur.

Repetitorluq məsələsinə gəlincə, burada da anlaşılmazlıq var. Çünki əksər repetitorlar elə məktəbdə dərs deyən müəllimlərdir. Müəllim və repetitor eyni adamdır. Bu səbəbdən müəllimi pis, repetitoru isə yaxşı göstərmək məntiqsizdir. Sadəcə fərq ondadır ki, biri məktəbdə dərs, digəri ödənişli şəkildə əlavə məşğələ keçir”.

Nazir əlavə edib ki, bütün bu məsələlər düzgün başa düşülərsə, məqsədlərimizlə etdiyimiz işlər arasındakı uçurumu azalda bilərik:
"Bir tərəfdən deyirik ki, məktəb təkcə ali məktəbə hazırlıq yeri deyil, amma digər tərəfdən bütün sistem bu istiqamətə yönəlib. Çünki sosial və iqtisadi səbəblər insanları ali təhsilə yönəldir. Saylar da artır — əvvəllər 20-25 min adam ali məktəbə daxil olurdu, indi bu rəqəm 60 minə çatıb. İstəyirik ki, ali təhsil əlçatan olsun və bu da zamanla bu sahəyə olan böyük həvəsi balanslaşdıra bilər. Yanvar-fevral aylarında isə bu yeni model üzrə daha geniş ictimai təqdimatın olması planlaşdırılır”.