Alimlər qeyri-adi kosmik obyekt aşkarlayıblar
Astronomlar kainatın erkən dövrünə aid ulduza bənzəyən, lakin enerjisini maddə udan qara dəlikdən alan qeyri-adi kosmik obyekt aşkarlayıblar.
“Azərbaycan müəllimi” xəbər verir ki, MoM-BH-1 adlandırılan obyektin işığı kainatın təxminən 660 milyon il yaşı olduğu dövrdən gəlir. Tədqiqatın nəticələri avqustun 12-də “Nature” jurnalında dərc olunub.
Alimlərin fikrincə, obyektin mərkəzində Günəşdən milyonlarla dəfə böyük kütləyə malik qara dəlik yerləşir. Qara dəliyin ətrafında toplanan sıx hidrogen qazı onun yaratdığı şüalanmanı udaraq ulduz atmosferinə bənzər spektr formalaşdırır. Buna görə tədqiqatçılar obyekti şərti olaraq “qara dəlik ulduzu” adlandırıblar.
Kəşfin əsas əhəmiyyəti isə onun “Kiçik Qırmızı Nöqtələr” kimi tanınan,“Ceyms Uebb” kosmik teleskopu tərəfindən aşkarlanan və kainatın erkən dövlərinə aid yüzlərlə sirli obyektin təbiətini izah edə bilməsidir.
Tədqiqatçılar hesab edirlər ki, bəzi “Kiçik Qırmızı Nöqtələr” əslində gənc qalaktikanın işığı ilə qaz örtüyünə bürünmüş qara dəliyin şüalanmasının birləşməsindən yarana bilər. MoM-BH-1-in spektrinə yaxınlıqdakı qalaktikanın işığı əlavə edildikdə də bu obyektlər üçün xarakterik görünüş əldə olunub.
Alimlər vurğulayırlar ki, bu nəticə hələ “Kiçik Qırmızı Nöqtə”lərin hamısının qara dəlik ulduzlarından ibarət olduğunu sübut etmir. Bununla belə, kəşf onların mənşəyinin araşdırılması üçün yeni və perspektivli model təqdim edir.




