Altay Mustafayev: Fərqli hüquq sistemində təhsil hüquqi düşüncəni tamamilə dəyişir

22 Aprel, 2026 - 17:30
Altay Mustafayev: Fərqli hüquq sistemində təhsil hüquqi düşüncəni tamamilə dəyişir

“Xaricdə oxumağın ən dəyərli tərəfi fərqli hüquq sisteminə yiyələnməkdir. Roman-german ənənəsində formalaşan bir hüquqşünas kimi anqlo-sakson (“common law”) sistemində təhsil almaq mənim hüquqi düşüncəmi tamamilə dəyişdirdi”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Dövlət Proqramı çərçivəsində ABŞ-nin İndiana Universitetinin hüquq məktəbinin doktorantura məzunu, ADA Universitetinin Hüquq fakültəsinin hüquq praktikası üzrə professoru Altay Mustafayev Qarabağ Universitetində keçirilən “Qayıdış: Gənclər Forumu” çərçivəsində təşkil olunan “Qayıdış hüququ və beynəlxalq hüquq: normativ və tətbiqi yanaşmalar” mövzusunda panel sessiyada çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, eyni hüquq sistemi daxilində – məsələn, Almaniya və ya Fransada – təhsil alsaydı, bu, ona radikal yeni baxış qazandırmaya bilərdi. Lakin iki fərqli hüquq sistemini içəridən öyrənmiş hüquqşünas hər birinin üstün və zəif tərəflərini müqayisə edərək ən optimal yanaşmanı seçmək imkanı qazanır. Onun sözlərinə görə, hazırda doktorluq dissertasiyası da məhz bu iki hüquq sistemində hakimlərin mülahizə sərbəstliyi institutunun müqayisəsinə həsr olunub.

Altay Mustafayev vurğulayıb ki, Amerika hüquq məktəblərinin əsas üstünlüyü bilik, vərdiş və dəyərlər arasında balansın qorunmasıdır. Sovet və postsovet modeli güclü nəzəri baza versə də, praktiki bacarıqların formalaşmasında yetərli deyil. ABŞ-da isə tələbələr ilk gündən “casebook”larla işləyir, Sokrat üsulu ilə keçirilən diskussiyalarda iştirak edir və hüquq klinikalarında real müştərilərlə təmas qururlar. “Üzməyi yalnız suya girməklə öyrəndiyimiz kimi, hüququ da yalnız tətbiq etməklə mənimsəmək mümkündür”, – deyə o əlavə edib.

Professorun sözlərinə görə, ABŞ təhsil modelində sahələrarası yanaşma da mühüm yer tutur. Belə ki, tələbələr birbaşa hüquq fakültəsinə deyil, əvvəlcə digər sahələr üzrə bakalavr təhsili alaraq daha sonra hüquqa yönəlirlər. Bu isə onlara, məsələn, texnologiya sahəsində təhsil almış hüquqşünas kimi “Apple” və “Google” kimi şirkətlərdə daha rahat fəaliyyət göstərmək imkanı yaradır. O bildirib ki, müasir hüquqşünas yalnız qanunvericiliyi deyil, xidmət göstərdiyi sektorun iqtisadi və texnoloji xüsusiyyətlərini də dərindən anlamalıdır.

Qərb təhsilinin digər üstünlüyü kimi tələbələrdə sərbəst fikir ifadəsi, diskussiya aparmaq və tənqidi düşünmə bacarıqlarının formalaşdırılması qeyd olunub. Bildirilib ki, bu keyfiyyətlər müasir hüquqşünasın əsas peşə alətlərindəndir.

Altay Mustafayev əlavə edib ki, xaricdə təhsilin təbii davamı beynəlxalq hüquq şirkətlərində təcrübə keçməkdir. Onun fikrincə, böyük hüquq firmalarında əldə olunan bir illik təcrübə fərdi şəkildə qazanılan bir neçə illik təcrübəyə bərabər ola bilər və bu proses hüquqşünasın peşəkar baxışını əhəmiyyətli dərəcədə genişləndirir.

Azərbaycan hüquq bazarının hələ inkişaf mərhələsində olduğunu deyən professor bunun bəzən asan uğur illüziyası yaratdığını və bunun təhlükəli olduğunu vurğulayıb. O qeyd edib ki, 2004-cü ildə sabit işini və gəlirini geridə qoyaraq ABŞ-də təhsil almağa getmək qərarı riskli olsa da, bu gün həmin qərarın düzgün olduğunu düşünür.

“Çünki hüquqşünas üçün təhsil universitet divarları ilə bitmir – bu, ömürboyu davam edən prosesdir. Mən 46 yaşımda hələ də öyrənirəm və bundan zövq alıram”, – deyə o bildirib.

Sonda gənc hüquqşünaslara müraciət edən Altay Mustafayev onlara özlərini lokal bazarla məhdudlaşdırmamağı, qlobal düşünməyi tövsiyə edib. O vurğulayıb ki, xarici dil bilikləri, beynəlxalq təhsil, fərqli hüquq sistemlərində təcrübə, həmçinin “hard” və “soft” bacarıqlar müasir hüquqşünasın əsas üstünlükləridir. Bununla yanaşı, hüquqla paralel olaraq informasiya texnologiyaları, süni zəka, iqtisadiyyat, maliyyə və psixologiya kimi sahələr üzrə biliklərin mənimsənilməsi də xüsusi əhəmiyyət daşıyır.