Ana dilimiz - Bəşəri dəyərdən milli məsuliyyətə

16 Yanvar, 2026 - 17:33
Ana dilimiz - Bəşəri dəyərdən milli məsuliyyətə

Dil insan cəmiyyətinin formalaşmasında və inkişafında mühüm rol oynayan əsas ictimai hadisələrdən biridir. O, yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın milli kimliyini, tarixi yaddaşını, dünyagörüşünü, mədəni irsini və mənəvi dəyərlərini özündə ehtiva edən canlı sistemdir. Məhz buna görə də dilin qorunması və inkişafı bəşəriyyətin mədəni müxtəlifliyinin əsas dayaqlarından hesab edilir. Araşdırmalara əsasən, hazırda dünyada təxminən 7 minə yaxın dil mövcuddur. Lakin bu zəngin mənzərənin fonunda ciddi narahatlıq doğuran məqam ondan ibarətdir ki, mövcud dillərin təxminən yarısı yox olmaq təhlükəsi ilə üz-üzədir. UNESCO-nun məlumatına görə, bir çox dillər artıq yalnız yaşlı nəsil tərəfindən istifadə olunur, gənc nəslin gündəlik ünsiyyətində, demək olar ki, yer almır. Bu isə həmin dillərin bir müddət sonra tamamilə istifadədən çıxacağı ehtimalını artırır.

Dillərin yox olmasının səbəbləri müxtəlif və çoxsaylı amillərlə bağlıdır: qloballaşma, beynəlxalq ünsiyyət dillərinin üstün mövqeyə malik olması, miqrasiya, kütləvi informasiya vasitələrinin təsiri və s. dilin qorunmasını təzyiq altına alır. Nəticədə ana dili tədricən gündəlik ünsiyyətdən sıxışdırılır və yalnız məhdud mühitdə istifadə olunan passiv ünsiyyət vasitəsinə çevrilir.

Bu təhlükəli prosesin qarşısının alınması üçün kompleks və məqsədyönlü tədbirlərin həyata keçirilməsi zəruridir. Bu baxımdan, kütləvi informasiya vasitələrində, rəqəmsal platformalarda və sosial şəbəkələrdə ana dilinin düzgün şəkildə işlədilməsi xüsusi əhəmiyyət daşıyır. Dil siyasəti yalnız normativ sənədlərlə məhdudlaşmamalı, cəmiyyətin bütün təbəqələrinə yönəlmiş mədəni və maarifləndirici fəaliyyətlərlə dəstəklənməlidir. 

Azərbaycan dilinin qorunması və inkişafı məsələsi də bu baxımdan xüsusi aktuallıq kəsb edir. Dövlətimiz müstəqillik əldə etdikdən sonra dil siyasəti ardıcıl və sistemli şəkildə həyata keçirilmiş, Azərbaycan dilinin dövlət dili kimi hüquqi mövqeyi gücləndirilmişdir. Son günlərdə ölkə Prezidenti tərəfindən dilin saflığının qorunması və ictimai həyatın bütün sahələrində ədəbi dilin normalarına uyğun işlədilməsi ilə bağlı mühüm fikirlər səsləndirilmişdir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, dil milli varlığımızın əsas göstəricisidir və onun qorunması hər bir vətəndaşın məsuliyyətidir. 

Xüsusilə qloballaşma şəraitində Azərbaycan dilinin qorunması, onun zəngin leksik və üslubi imkanlarının inkişaf etdirilməsi, həmçinin yad sözlərin dilə həddən artıq daxil olmasının qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir.

Prezidentin çağırışları cəmiyyəti dil məsələlərinə daha həssas yanaşmağa və ana dilinə münasibətdə məsuliyyətli olmağa səsləyir. Bu prosesdə dövlət səviyyəsində görülən tədbirlərlə yanaşı, ziyalıların, müəllimlərin, jurnalistlərin və gənclərin fəal iştirakı da mühüm əhəmiyyət daşıyır, çünki dil yalnız qanunlarla deyil, gündəlik ünsiyyət və ictimai şüur vasitəsilə yaşayıb inkişaf edir. Dil xalqın mədəniyyətini, tarixi irsini və milli kimliyini əks etdirir: onu itirən xalq həm tarixini, həm mədəniyyətini, həm də özünəməxsus düşüncə tərzini itirmək təhlükəsi ilə üzləşir və nəticədə milli varlığı sarsılır. Bu mənada dilin qorunması bəşəri və milli-mənəvi dəyər kimi strateji əhəmiyyət daşıyır. Dünyada minlərlə dilin yox olma təhlükəsi ilə üzləşdiyi bir dövrdə ana dilinə sahib çıxmaq və onu zənginləşdirmək hər bir xalqın və fərdin mənəvi borcudur. 

Gülnar ƏLİYEVA,
“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının məsul katibi