AQTA-nın sədr müavini: Tələbələrin tədqiqat və  təcrübə proqramlarına cəlbinə dəstək göstərməyə hazırıq

16 Sentyabr, 2026 - 11:28
AQTA-nın sədr müavini: Tələbələrin tədqiqat və  təcrübə proqramlarına cəlbinə dəstək göstərməyə hazırıq

AQTA Türkiyə-Azərbaycan Universitetində qida mühəndisliyi üzrə təhsil alan tələbələrin elmi-tədqiqat və praktiki təcrübə proqramlarına cəlb edilməsinə dəstək göstərməyə hazırdır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayeva yeni tədris ilinin başlanmasına həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, qida mühəndisliyi üzrə təhsil alan tələbələrin müasir bilik və bacarıqlara yiyələnməsi Azərbaycanın inkişaf edən qida sənayesinə töhfə verə bilər:

“İnanıram ki, qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr müasir bilik və bacarıqlara yiyələnəcək, Azərbaycanın inkişaf edən qida sənayesinin gələcək inkişafına töhfə verəcəklər”.

Z.Mustafayeva bildirib ki, AQTA ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində beynəlxalq standartlara uyğun tədris materiallarının və peşəkar kadr hazırlığının inkişafına töhfə verir:

“Ali təhsil müəssisələri ilə əməkdaşlığımız beynəlxalq standartlara uyğun tədris materiallarının hazırlanmasını, eyni zamanda qida təhlükəsizliyi sahəsində ixtisaslı və peşəkar kadrların yetişdirilməsini əhatə edir”.

Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda ali təhsil müəssisələrində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı üzrə müasir tələblərə uyğun kadr hazırlığının təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar müəyyən edilib:

“Bu tapşırıqların uğurlu icrası üçün qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də təhsil proqramlarının əmək bazarına və qida təhlükəsizliyi sahəsinin müasir tələblərinə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır”.

Z.Mustafayeva əlavə edib ki, AQTA Türkiyə-Azərbaycan Universitetində qida mühəndisliyi proqramının tədrisi çərçivəsində qarşılıqlı bilik və təcrübə mübadiləsinin təşviqinə də dəstək göstərməyə hazırdır.