Araz Paşayev: “Novruz 2026” düşərgəsi təhsil ictimaiyyətində həmrəyliyi gücləndirəcək
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev “Novruz 2026” düşərgəsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, paylaşımda ETİHİ Respublika Komitəsi tərəfindən təşkil olunan düşərgənin ilk mərhələsində ali məktəblərdən 121, peşə məktəblərindən 139, kolleclərdən isə 136 müəllim və professor heyətinin təmsil edildiyi qeyd olunur. Bildirilir ki, ümumilikdə 400-ə yaxın təhsil işçisinin iştirak etdiyi düşərgə çərçivəsində keçirilən görüşlər, mədəni proqramlar və diskusiyyalar təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcək.
Komitə sədri paylaşımında vurğulayıb ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının əsas məqsədi təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı, onların asudə vaxtının daha səmərəli təşkili və milli dəyərlərin təbliğini diqqətdə saxlamaqdır.
Araz Paşayev “Novruz 2026” düşərgəsində iştirak edən bütün həmkarlara təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.



