Arıları qorumaq üçün qaraçörəkotu ilə tədqiqat apardılar

10 Mart, 2026 - 10:30
Arıları qorumaq üçün qaraçörəkotu ilə tədqiqat apardılar

Xəbər verdiyimiz kimi, martın 5-də Bakı Ali Neft Məktəbində “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal və sertifikatlar təqdim olunub. Müsabiqədə iştirak edənlərin 16-sı qızıl, 35-i gümüş və 56-sı bürünc olmaqla ümumilikdə 107 medal qazanıblar.

“Azərbaycan müəllimi” qəzeti qalib iştirakçıların ikisi ilə həmsöhbət olub.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin 10-cu sinif şagirdi Sədaqət Dadaşzadə və 9-cu sinif şagirdi Həmidə Paşazadə müsabiqədə (elmi rəhbər Vəfa Xankişiyeva) “Bal arısında insektisidlə zəhərlənmə zamanı qaraçörəkotunun (Nigella sativa) antidot təsirinin yoxlanılması” adlı layihə ilə iştirak edərək II yerə layiq görülüb və gümüş medal qazanıblar.

Şagirdlər layihələri haqqında danışarkən bildiriblər ki, tədqiqatın əsas məqsədi insektisidlərin bal arılarına mənfi təsirini azaltmaq üçün təbii vasitə tapmaq olub:

“Fermerlər bol məhsul əldə etmək və sahələrini zərərvericilərdən qorumaq üçün insektisidlərdən istifadə edirlər. Bu zaman bitkiləri tozlandıran arılar da həmin maddələrlə təmasda olur və nəticədə onların arasında ölüm halları baş verir. Biz bu problemin qarşısını almaq üçün antidot təsirə malik qaraçörəkotu bitkisindən istifadə etdik və onun suda və spirtdə iki növ məhlulunu hazırladıq. Daha sonra laboratoriyada 8 arı qrupu yaradaraq həmin məhlulları arılara qida əlavəsi kimi tətbiq etdik və təsirini araşdırdıq. Tədqiqatımız göstərdi ki, qaraçörəkotunun suda hazırlanmış ekstraktı gələcəkdə daha geniş miqyaslı təcrübələrdə istifadə oluna və arıçılığa mühüm töhfə verə bilər”.

Sədaqət Dadaşzadə qeyd edir ki, bu uğur onun ilk nailiyyəti deyil:

“9-cu sinfi fərqlənmə attestatı ilə  bitirmişəm. Gələcəkdə layihəmizi davam etdirməyi planlaşdırırıq. Tədqiqatı "in vitro" şəraitində aparmaq və daha böyük uğurlar qazanmaq istəyirəm. Həmçinin müxtəlif müsabiqələrdə iştirak edib uğur qazanmaq və gələcəkdə həkim olmaq niyyətindəyəm”.

Layihənin digər müəllifi Həmidə Paşazadə də gələcək planları barədə danışıb:

“Respublika səviyyəli müsabiqələrdə qazandığım medalların sayını artıracağıma və 9-11-ci siniflərdə də yüksək nəticələr əldə edəcəyimə inanıram. Gələcəkdə həkim olmaq və təhsilimi xaricdə davam etdirmək istəyirəm”.

Qeyd edək ki, sözügedən təhsil müəssisəsi əvvəlki illərdə də bu müsabiqədə uğurlu nəticələr əldə edib. Həmçinin ötən il kompleksin komandası I yerə layiq görülüb və ABŞ-də keçirilən ISEF müsabiqəsində ölkəmizi təmsil edən komandalardan biri olub.
Cari ildə isə kompleks müsabiqədə 4 komanda və 7 şagirdlə təmsil olunub. Onların təqdim etdiyi layihələr Münsiflər Heyəti tərəfindən yüksək qiymətləndirilib və nəticədə 2 gümüş, 3 bürünc medal qazanılıb. Belə ki, Leyla Qarayeva, Camal Abbasov (elmi rəhbər Türkanə Dadaşova) və Cavid Ağababalı (elmi rəhbər Ümid Nəzərov) bürünc medala layiq görülüblər.