ARTİ-nin şöbə müdiri: Şagirdlərimizin kifayət qədər riyazi səriştələri var
"Şagirdlərlə birbaşa ünsiyyətdə olan biri kimi hiss edirəm ki, şagirdlərimizin kifayət qədər riyazi səriştələri var. Beynəlxalq qiymətləndirmələrdə də bu özünü göstərir. Biz onları sərbəst şəkildə ifadə etməyə təşviq etsək, öz fikirlərini çox rahat şəkildə ifadə edə bilərlər".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik xidmət proqramları və standartları şöbəsinin müdiri Afərin Əkbərli Təhsil TV-nin qonağı olarkən söyləyib.
Şöbə müdirinin sözlərinə görə, kütləvi istifadədə olan riyaziyyat dərsliklərində bütün mövzular araşdırma və müzakirə məsələləri ilə başlayır, mövzuların sonu da məsələ həlli ilə bitir: "Ümumiyyətlə, tədqiqatlar göstərir ki, oxuyub-anlama səriştəsi ilə riyazi savadlılıq arasında əlaqə var. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil departamentinin hesabatına əsasən, şagirdlərin oxuyub-anlama nəticələri onların riyazi savadlılıq nəticələrinin təqribən 60 faizini izah edir.
Bu baxımdan tövsiyə olunur ki, şagirdləri stresə salmadan, onları xüsusi olaraq monitorinq qiymətləndirilməsinə kökləmədən prosesi idarə etmək lazımdır".
A.Əkbərli qeyd edib ki, monitorinq vasitəsilə riyaziyyat fənni üzrə təhsil islahatlarının aparılması, təkmilləşdirilməsi, indiyə qədər aparılmış islahatların nə dərəcədə faydalı olub-olmadığını görmək mümkündür: "Eləcə də valideynlər öz övladlarının riyaziyyat fənni üzrə bilik və bacarıqlara nə dərəcədə yiyələndiklərini, müəllimlər isə şagirdlərinin və ümumiyyətlə, öz tədris proseslərində tətbiq etdikləri metodikanın nə dərəcədə faydalı və effektiv olub-olmadığını yoxlamaq üçün monitorinq vasitəsilə faydalı məlumatlar əldə edirlər. Yəni monitorinq ümumi mənzərəni görmək, eləcə də riyaziyyat fənninin islahatlara ehtiyacı olub-olmadığını müəyyən etmək üçündür".



